Cənubi Koreya və Amerika Birləşmiş Ştatları hər il keçirilən ənənəvi birgə hərbi təlimlərə başlayıblar. Anspress-in məlumatına görə, Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat xidməti təlimlərin bu gün başladığını təsdiqləyib və onların aprelin 24-dək davam edəcəyini bildirib.
Birgə təlimlərdə 12 min 500-dən çox amerikalı hərbçi iştirak edir. Təlimlərə piyada, hava və dəniz manevrləri, eləcə də kompüter təlim proqramları daxildir.
Artıq Şimali Koreya rəhbərliyi təlimlərlə əlaqədar öz narazılığını ifadə edib və bu səbəbdən bu yaxınlarda Şimali Koreya ilə Cənubi Koreya arasında ayrı düşmüş ailələrin birləşməsi prosesinin dayandırıla biləcəyi ilə hədələyib. Ötən həftə də rəsmi Pxenyan ABŞ-Cənubi Koreyanı birgə hərbi təlimləri təxirə salmağa çağırmış və onları "müharibə təlimləri" adlandırmışdı.
Ötən il isə analoji hərbi təlimlər Cənubi və Şimali Koreyalar arasında gərginliyi o qədər artırmışdı ki, Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi obyektlərinə nüvə zərbələri endirəcəyi ilə hədələmişdi.
Mənbə: Milli.Az