"Yol hərəkəti qaydalarını pozan piyada ona kəsilən cəriməni ödəməsə, əmlakının müsadirəsi mümkündürmü?"Milli.Az xəbər verir ki, "Azərbaycan" qəzetinə daxil olmuş bu sualı Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov belə cavablandırıb:
"Yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsinə əsaslanır. Cəriməni ödəməyən vətəndaşların əmlakının müsadirəsindən söhbət gedə bilməz. Lakin nəzərə almaq lazımdır ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.5-ci maddəsinə görə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədi sayılır. Başqa sözlə, cərimənin könüllü şəkildə ödənilməməsi halında, cərimənin tətbiq olunması barədə qərar icra sənədi kimi müvafiq icra məmuru tərəfindən məcburi şəkildə icraya yönəldiləcəkdir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir ("İcra haqqında" qanunun 43.1.1-ci maddəsi). Beləliklə, burada söhbət əmlak müsadirəsindən deyil, məcburi icra tədbirlərinin görülməsindən gedir ki, bu da "İcra haqqında" qanunun tələblərinə uyğundur".
Mənbə: Milli.Az