Qadin.NET / Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli

Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli

 

Mədəniyyət tariximizə mühüm xidmətlər göstərmiş görkəmli sənətkarlarımızdan biri də Şəmsi Bədəlbəyli olub. Ş.Bədəlbəyli həm də teatr aləmində Azərbaycan Musiqili Komediya Teatrının qurucusu kimi məşhurdur.
Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olan gənc Şəmsi sonradan başqa bir istiqamətə üz tutub. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. Özündən yaşca böyük sənətkarlarla dostluq etməyi çox sevən Şəmsi sonralar C.Cabbarlı, rejissorlardan İsmayıl Hidayətzadə, Aleksandr Tuqanovla həmfikir olub. 1932-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malı Teatrda Şillerin “Don Karlos” əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. Bu qədim teatrın yaradıcı heyəti ilə ünsiyyət qurub. Sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib.
Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası oldu. İlk yaradıcılıq işi ona uğur gətirdi. Tamaşa yüksək qiymətləndirildi. Sonrakı işlərindən biri də 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası oldu. Bu tamaşa haqqında mətbuatda müxtəlif yazılar dərc edildi. Bəyənənlər də oldu, tənqid edənlər də. Sabit Rəhmanın “Xoşbəxtlər” əsərinə verdiyi quruluş da uğurlu alındı. O, bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir etmişdi. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi oldu. Ikinci dünya müharibəsinin başlanması bir çox məsələləri yarımçıq qoydu. Ş.Bədəlbəyli hərbi müxbir kimi Irana ezam edildi. O, burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub. 1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır. Ş.Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində bu teatrın yaradıcısı kimi silinməz izlər qoyub.
Teatr aləminə səyahət
Milli.Az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, o, dövrünün çox tanınmış, istedadlı dramaturqları, şair və yazıçıları, bəstəkarları ilə əməkdaşlıq etməyi bacarırdı. Məsələn, Sabit Rəhman, Mirzə Ibrahimov, Səid Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi sənətkarlarla məsləhətləşərək elə əsərlərə səhnə həyatı verərdilər ki, onlar həm tamaşaçılar, həm də teatr tənqidçiləri tərəfindən rəğbətlə qarşılanardı. Onun quruluş verdiyi tamaşalarda əsas rolları Lütfəli Abdullayev, Əlihüseyn Qafqazlı, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Şəfiqə Qasımova, Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev, Məleykə Şahmərdanova, Daqmara Seyidzadə kimi aparıcı aktyorlar iştirak edirdi. Onların saldığı izlərlə istedadlı gənclər gəlirdi. Bu aktyorlar həm də teatr sənətimizdə öz yollarını, öz məktəblərini yaratmış müqtədir sənətkar idilər.
Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.O, hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada “Koroğlu” operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.Onun unudulmaz irsi
Ş.Bədəlbəylinin tamaşaları əlvanÿcazibədarlığı, koloritliÿ forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. AzərbaycanÿDövlət Musiqili Komediya Teatrının formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. Istedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Ş.Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı. Amma istər teatrda çalışan aktyorların, istərsə də recissorların qəribə taleyi var. Çünki kinoya nisbətən tamaşaların səhnə ömrü daha qısa olur. Bu mənada, kino tamam fərqlidir. Hər nümayiş olunanda istər rejissorun, istər aktyorun, istərsə də ssenari müəllifinin əməyi, istedadı bir daha yada düşür. Bu gün biz ancaq xatirələrdən oxuyuruq ki, Şəmsi Bədəlbəyli necə qüdrətli rejissor və mədəniyyət xadimi olub. Onun həyat verdiyi tamaşalar isə uzaq yaddaşlarda qalıb.
Yalnız bir “Hicran” tamaşası bütövlükdə lentə alınıb. Xoşbəxtlikdən, bu səhnə əsərində də dövrün korifey sənətkarları iştirak ediblər. Emin Sabitoğlu ilə birlikdə Azərbaycan teatr sənətinə ərməğan edilən bu tamaşaya indi də baxdıqca ürəkdən gülürsən. Hər dəfə də bir yeni jest, bir yeni söz, bir yeni məna! Teatr tariximizin unudulmaz sənətkarı teatrın yaşaması, inkişaf etməsi üçün, sözün əsl mənasında, böyük cəfakeşlik göstərmiş bir insan idi.Deyirlər ki, Şəmsi Bədəlbəyli ilk dəfə fəaliyyətə başlayarkən teatrın orkestrində tar çalırmış. O, bütün ömrü boyu məhz bu gözəl sənətlərin ən mahir ifaçısı kimi yaşayıb-yaratdı. O, həssas musiqiçi, qayğıkeş müəllim, böyük rejissor idi!..Böyük sənətkar Ş.Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib.
Mənbə: Milli.Az

 

23 fevral 2014
GO BACK