Səfirliyin 1-ci katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, müraciətdə regionlardakı azərbaycanlılara paytaxt Kiyevə gəlməmək, paytaxtda yaşayanlara isə şəhərin mərkəzində qarşıdurma olan yerlərə çıxmamaq tövsiyə olunur.
A. Osmanov deyib ki, səfirlikdə yalnız 1990-cı il təvəllüdlü azərbaycanlı Anar Rzayevin yaralandığı barədə məlumat var: “Ukrayna vətəndaşı olan Anar Rzayev Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində yaşayır. Kiyevə etiraz aksiyalarında iştirak etmək üçün gəlib. Fevralın 20-də təxminən saat 17:00 radələrində Maydanın mərkəzində “Berkut” xüsusi təyinatlıları ilə qarşıdurma zamanı dəyənəklə döyülüb və ağır xəsarət alıb. O, ilkin tibbi yardım aldıqdan sonra ev şəraitində müalicə olunur və hazırda vəziyyəti yaxşıdır. Lakin Ukrayna vətəndaşı olduğu üçün biz onunla bağlı digər addımlar ata bilmirik”.
A. Osmanov qeyd edib ki, səfirlik Maydanda Ukrayna vətəndaşı, azərbaycanlıTeymur Mustafayevin itkin düşməsindən xəbərdardır və səlahiyyətləri çərçivəsində lazımi addımları atırlar: “Lakin bunlar Ukrayna vətəndaşları olduğu üçün daha yaxından yerli strukturlar işləyirlər”.
Diplomatın sözlərinə görə, hələ ki Azərbaycanın Ukraynadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir və səfirliyin əməkdaşları üçün heç bir təhlükə yoxdur. Birinci katib hələlik Azərbaycandan Ukraynaya səfər edən vətəndaşlar üçün hansısa xəbərdarlığın edilməsinə ehtiyac görmədiklərini vurğulayıb.
Mənbə: Milli.Az