Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, həmin ərazi tamamilə yaşıllıqdan ibarət olacaq. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovdünən keçirdiyi mətbuat konfransında bildirdi ki, "Xutor" və "Papanin"də də yaşayış evlərinin yerində yaşıllıqlar salınacaq. Amma əgər ehtiyac olarsa, həmin ərazilərin yeni planı da hazırlana bilər. Bakı ərazisində neft mədən ərazilərinin çoxluq təşkil etdiyini deyən komitə sədri plana görə həmin ərazilərin də təmizlənərək yaşıllıqla əvəz olunacağını bildirdi. Planda yeni yaşayış sahələrinin salınması da yer alıb.
Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Abbas Ələsgərov: “Plana əsasən Dübəndi, Pirallahı adaları turizm sahəsinə çevrilməsi nəzərdə tutulur. Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Belə olan təqdirdə kənarda yerləşən ərazilərdə yeni iş yerləri açılacaq və həmin ərazilərdə yaşayanlar işlə təmin olunacaqlar. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanı tikilməsi nəzərdə tutulur.”
Komitə sədri həmçinin ölkədə tikilən evlərin vəziyyəti və onların planları ilə bağlı məsələyə də toxundu. “Ölkə başçısının tapşırığına görə, hər bir məhəllə üçün ayrıca plan olmalıdır. Plan 2 il müddətinə hazırlanmalıdır. Yalnız plandan sonra əraziyə uyğun olaraq, bina tikilişinə icazə verilir. Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisini də qanunsuz hesab edən komitə sədri bildirdi ki, bunun üçün mütləq əsasnamə olmalıdır. Ümumiyyətlə, Böyük Bakının regional planına Sumqayıt, Xırdalan, Abşeron, Qaradağ daxildir. Əgər plan tam həyata keçirilərsə, bu ərazilərdə böyük dəyişikliklər nəzərdə tutulur.
Mənbə: Milli.Az