Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov bildirib.
Sektor müdiri qeyd edib ki, yeni mərkəzin mart ayının ortalarına planlaşdırılan açılışı ilə Bakı və Sumqayıt şəhərlərinin əhalisinə "ASAN xidmət" mərkəzlərinə müraciət üçün qeydiyyat məhdudiyyəti tamamilə aradan qaldırılacaq: "Bakıda sayca 4-cü olacaq bu mərkəzin açılmasından sonra "ASAN xidmət" Sabunçu, Xəzər və Pirallahı rayonları da daxil olmaqla, paytaxtın bütün ərazisini və Sumqayıt şəhərini tam əhatə etmiş olacaq. Bu isə o deməkdir ki, bu mərkəz istifadəyə verildikdən sonra artıq Bakı və Sumqayıt şəhərlərinin əhalisi üçün "ASAN xidmət" mərkəzlərində müraciət üçün qeydiyyat məhdudiyyəti tam aradan qaldırılacaq. Yəni bu iki şəhərin əhalisi harada qeydiyyatda olmasından asılı olmayaraq, bu şəhərlərdə hazırda fəaliyyət göstərən 5 "ASAN xidmət" mərkəzlərindən istənilən birinə müraciət edərək xidmətlərdən faydalana biləcəklər".A.Hüseynovun sözlərinə görə, artıq mərkəzin fəaliyyət göstərəcəyi müvafiq inzibati bina da seçilib. Hazırda mərkəzdə son tamamlama işləri görülür. "ASAN xidmət" mərkəzinin inzibati binası Bakıxanov qəsəbəsi Sülh küçəsində, Sabunçu rayon Polis İdarəsi və Sabunçu rayon Prokurorluğunun yaxınlığında yerləşəcək. Hazırda binaya dəqiq ünvanın verilməsi ilə bağlı Dövlət Agentliyi ilə Sabunçu Rayon İcra Hakimiyyəti hakimiyəti arasında müzakirələr aparılır.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində 10 dövlət qurumu tərəfindən Azərbaycan və xarici ölkə vətəndaşlarına 25 istiqamət üzrə 150-yə yaxın xidmət göstərilir.
Mənbə: Milli.Az