Soçi Olimpiya oyunlarında iştirak edən ukraynalı dağ xizəkçisi Boqdana Masetskaya Ukrayna hakimiyyətinin siyasətinə etiraz əlaməti olaraq yarışlarda iştirakını dayandırıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, idmançının məşqçisi və atası Oleq Masetski özünün Facebook səhifəsində bu barədə bəyanat yerləşdirib. Bəyanatda deyilir:
“Biz - Ukrayna Olimpiya yığmasının üzvləri – Masetskaya Boqdana və Masetski Oleq Ukrayna prezidenti Viktor Yanukoviçin son fəaliyyətindən ciddi şəkildə qəzəblənmişik. O, Maydanla münaqişəni həll etmək əvəzinə (biz Olimpiadaya yola düşərkən son ana qədər buna ümid edirdik) ukraynalıların son ümidlərini qan içində boğdu və bununla da Olimpiadanın oyunlar keçirilərkən sülhə əməl etmək prinsipini pozdu. Maydanın barrikadalarında olan mübarizlərlə həmrəylik əlaməti və quldur prezidentə, ona nökərçilik edən hökumətə etiraz əlaməti olaraq biz bundan sonra Soçi Olimpiadasında çıxış etməkdən imtina edirik. Ukraynanın müstəqilliyi uğrunda həlak olan qəhrəmanlara eşq olsun!”
Xatırladaq ki, fevralın 19-da ukraynalı xizəkçilər Marina Lisoqor vəYekaterina Serdyuk Ukraynada ölənlərin xatirəsinə hörmət əlaməti olaraq qollarına qara lent bağlamaq istəsələr də, buna icazə verilmədiyi üçün yarışa qatılmayıblar.
Mənbə: Milli.Az