Qadin.NET / Gədəbəydə sirli su: içən ölür

Gədəbəydə sirli su: içən ölür

 

Təsərrüfat sahibləri heyvanların sudan zəhərləndiyini iddia edir. Baytar həkimləri isə yaranmış vəziyyətə görə qarşı tərəfi günahlandırır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, son bir neçə gündür Gədəbəy rayonunun Arıxdam kəndinin sakinləri təşviş içindədir. Buna səbəb fərdi təsərrüfatlarda mövcud olan mal-qaraların kütləvi şəkildə tələf olmasıdır. Artıq bu günədək 25 xırda və bir neçə baş iri buynuzlu heyvan tələf olub. Təsərrüfat sahibləri mal-qaraların gündəlik istifadə olunan sudan zəhərləndiyini deyir. Sakinlər iddia edirlər ki, heyvanlara qənim kəsilən mənbə məhz bu arxdır. Yəni mal-qara bu arxdan su içdikdən bir neçə dəqiqə sonra ölür.Sakin Telman Abdullayev: “Heyvanımız suyu içəndən 3 dəqiqə sonra öldü. Onu da əlimizdən alıb apardılar. Deyirlər orada heyvan meyitxanası var, orada yandıracağıq. Bunun müqabilində mənə pul vermədilər”. Vəziyyət o həddə çatıb ki, kənddə hamı heyvanları qapalı şəraitdə saxlayır. Hətta gündəlik istifadə olunan suyu belə ətraf kəndlərdən gətirirlər. Ancaq bütün bunlara baxmayaraq yerli əhali yenə də narahatlığını gizlətmir. Sakin Qabil Abdullayev: “Qoyunu ora buraxan kimi hamısı öldü. Burada da dayımın inəkləri o sudan içən kimi öldü. Heç kim heç nə eləmir”.Telman Abdullayev: “Şəxsən mən özüm bu dəqiqə heyvanı içəridə sulayıram. Pulla su alıram. Artıq o çaya icazə vermirlər”. Sakin İlham Məmmədov: “Heyvan o çaya düşüb su içən kimi qırıldı. Kənarda çıxa bilməmişdi elə hamısı orada ölüb”. Gədəbəy rayon Baytarlıq İdarəsindən isə bildirirlər ki, yaranmış vəziyyətə görə təsərrüfat sahibləri günahkardır. Çünki onlar heyvanların saxlanma və qidalanma prosesinə düzgün əməl etmirlər. Gədəbəy rayon Baytarlıq İdarəsinin rəisi Akif Məmmədov: “Hazırda qış mövsümü olduğu üçün heyvanlar o qədər də çölə çıxmır. Əgər bu hadisə olubsa, heyvan sahiblərinin səhlənkarlığıdır ki, belə bir mövsümdə heyvanları çölə buraxırlar”. Qeyd edək ki, ölmüş heyvanlar aidiyyəti strukturların iştirakı ilə yandırılma yolu ilə məhv edilib.

 

 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK