"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə fəaliyyət göstərmək niyyətindədirlər". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə QDİƏT-in baş katibi Viktor Tvirkun Bakıda Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumdan əvvəl bildirib.Baş katib deyib: "Bu forum təkcə dövlətə deyil, hər bir insana aid aktual problemlərin müzakirəsi üçün nadir imkanlar yaradır. Söhbət ərzaq təhlükəsizliyindən, qida məhsulları ilə təminat və onların istehsalından gedir".Onun sözlərinə görə, forum iştirakçıları qarşısında duran vəzifələrdən biri həm regional, həm də qlobal miqyasda müxtəlif strukturların fəaliyyətinin sinxronlaşdırılmasıdır: "Sinxronlaşdırmadan danışarkən, mən QDİƏT-lə FAO arasındakı əməkdaşlığı nəzərdə tuturam. Bundan başqa, ümid edirəm ki, yaxın gələcəkdə biz təşkilatlarımız arasında qarşılıqlı anlaşma memorandumu imzalayacağıq. Bu sənəd təşkilatlarımızın vahid fəaliyyət planını yaratmağa imkan verəcək".
Mənbə: Milli.Az