Efiopiyada bodi və surmalar, Cənubi Sudanda nuerlər, Uqandada karamoconqlar...
Bu qəbilələrin mənsubları bədənlərini tatuajla bəzəyirlər. Həmin tatuaj adi deyil və bu insanlar dərilərini rəngli döymələrlə bəzəmirlər.
Onlar dərilərini kəsirlər, sonra bu kəsiklər qaysaqlanıb çapıqlara çevrilir.
Çapıqlar isə tatuaj naxışları olur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, surma qəbiləsində qızlar 8 yaşına çatanda onların bədənlərində dəri ülgüclə kəsilərək ilk çapıqlar vurulur.
10 dəqiqə davam edən bu ayində qız ağrılara dözməli, səsini çıxarmamalıdır.
Qəbilənin ən yaşlı qadını bir əlində ülgüc, o biri əlində ucu iti və əyri çöp tutur.
Dəri ülgüclə çərtilir, çöpün əyri ucu ilə kəsilmiş dəri parçası bədəndən azca aralanır və bir neçə saniyə belə saxlanır.
İlk çapıq belə əldə olunur.
Sonra seçilmiş naxışa uyğun olaraq başqa çapıqlar kəsilir.
Nuer qəbiləsində isə yetkinlik yaşına çatmış oğlanların bədənlərinə çapıqlar vurulur.
Uqandadakı karamoconq qəbiləsinin adamları bədənlərindəki mürəkkəb naxışlarla tanınırlar.
Omo vadisində surmaların qonşuluğunda yaşayan menitlərdə də belə tatuajlar geniş yayılıb.
Fransız fotoqraf Erik Laffor həmin arealları dolaşaraq ağrılı, çapıqlı tatuajlar vurulmuş insanların fotoportretlərini çəkib."Surma qəbiləsindən olan qadınların dediklərinə görə, bədəndəki çapıqlar onları daha gözəl göstərir. Yerli inanclara görə, 8 yaşında bədəninə ilk çapıq vurulanda qız dözməli, səsini çıxarmamalıdır. Qız dözərsə, deməli, doğuşu da sakit və rahat keçəcək", - Laffor deyib.
Mənbə: Milli.Az