Düzdür, insan onu narahat edən amillərdən qaçmağa çalışsa da, bəzən buna nail ola bilmir. Çox hallarda narahatedici, auranı dəyişən amilin nə olduğunu bilmirik. Birdən-birə əhval dəyişir, səbəb yox ikən əsəb qıcıqlanır, yersiz baş ağrıları, halsızlıq, keylik, küskünlük... İnsan həyatında bu dərəcə dəyişiklik yarada bilən amillərdən biri də daşlardır desək, elə də inandırıcı olmaz, amma bu, bir həqiqətdir. Bəzən ətrafımızda olan hansısa mineral daşlar bizdən xəbərsiz əhvalımızın yönünü dəyişə bilir. Litoterapiya termini praktik olaraq bu gün elə də məşhur deyil. Yenicə gündəmə gələn litoterapiya alternativ təbabətin inkişafı üçün yeni bir sahədir. Litoterapiya elmi təbii daşların insan orqanizminə müalicəvi təsirini öyrənən bir elm sahəsidir. Daşların magik, müalicəvi təsir xüsusiyyətləri və bu təsirlərə inam çox qədim əsrlərdən qaynaqlanır. Elə bu gün də insanların inamını qazanan bu cür daşlar üzərindən olduqca qızğın bazarlıq gedir. İlk baxışdan daşın süni, yaxud orijinal olduğu bilinmir. Buna görə də bu cür saxta daşların satışı hazırda yayılmış bir haldır. Əhvala təsir göstərən, insanı xoşbəxt edən və s. başlıqlarla hazırlanıb satışa verilən qolbaq və boyunbağıların əksəriyyəti isə sadəcə daşdır. Heç bir təsiredici qüvvəyə malik olmayan daş. Bu cür daşların seçimində isə olduqca diqqətli olmaq lazımdır.
Psixoterapevt Cəvahir Soltanın sözlərinə görə, həqiqi daşın insana təsiri böyükdür. Elə buna görə də bu gün əksər müalicə mərkəzlərində bu daşlarla müalicə aparılır. Qarşıdakı 10 il ərzində isə Azərbaycanda litoterapiyanın geniş yayılma ehtimalı var. Çünki həqiqi daşlardan, həqiqətən, şəfa tapmaq mümkündür: "Litoterapiya dedikdə daşların insan orqanizminə kimyəvi deyil, energetik təsiri başa düşülməlidir. Hal-hazırda daşların müalicəvi təsirinə olan maraq günü-gündən artır. Bu sahədə Fransa, Almaniya və s. ölkələrdə bir çox tədqiqatlar aparılır və daşların müalicəvi təsirləri öyrənilir. Son zamanlar litoterapiyanı XXI əsrin təbabəti hesab edirlər. Kəskin infeksion xəstəliklər, yüksək təzyiq və temperatur, kəskin ağrı və hamiləlik zamanı litoterapiyadan istifadə etmək olmaz. Bunlardan əlavə ciddi ürək-damar xəstəlikləri, kəskin stenokardiya, insult və infarktdan sonra, onkoloji xəstəliklər zamanı da bu üsuldan istifadə edilməsə, yaxşıdır. Demək olar ki, bütün dağ mineralları müalicəvi xüsusiyyətlərə malikdir. Bu cür daşları bu gün satışdan, yaxud əldən 1-2 manata əldə etmək mümkün deyil. Buna görə də müalicəvi daş adı ilə saxta daşlar almamaq üçün alıcılar diqqətli olmalıdır".
C.Soltan bildirir ki, həqiqi daşların insana təsiri var və əgər həqiqi daş almaq imkanı varsa mütləq daş haqqında bilgiyə sahib olmaq lazımdır. Daşlar insanlarda həm psixoloji, həm də fiziki olaraq dəyişkənlik yaratmalıdır. Əldən, mağazadan alınan daşlar müalicəvi daş hesab olunmur. Onların əksəriyyəti süni yolla hazırlanır və çox ucuz satılır: "Əsl mineral müalicəvi daşların qiyməti baha olur. Belə daşların üstündə hardan əldə edilməsi, müalicəvi effekti, əks təsirini bildirən sənəd olur. Masaj salonlarında istifadə olunan daşların əksəriyyətinin orijinallıqdan xəbəri yoxdur".Psixoterapevtin fikrincə, daşların insan bürcünə, ilinə, qan qrupuna, gözünün rənginə, boyuna və s. detallarına görə seçilməsi düzgün deyil. Çünki müəyyən dərman kimi, daşların da təsir etdiyi bir nöqtə var. Ya baş ağrısı, ya psixoloji gərginliklər, ya digər amillər. Əgər bir daşın sakitləşdirici və sinir sistemin möhkəmləndirici təsiri varsa, bu, yaşından, çəkisindən, bürcündən asılı olmayaraq istənilən insanda eyni effekti verəcək: "Bir sıra daşlar var ki, məsələn, heliotrop, amazonit, yəşəm daşı, bunları əldə etmək çox çətindir. Hətta terapiya ilə məşğul olanlar belə bu cür daşları əldə etməkdə çətinlik çəkir. Lakin elə daşlar var ki, onları əldə etmək asandır. Aqvamarin, aqat, almaz, firuzə, kəhrəba, mirvari, sirkon, zümrüd, sapfir və bu kimi daşlardan hazırlanan ən xırda əşya belə təsir göstərmək üçün kifayətdir".Qeyd edək ki, zümrüd, sapfir göz xəstəliklərinin müalicəsi, akvamarin, aqat ağrı kəsici və allergiya əleyhinə, mirvari, füruzə, almaz daşları isə stress və yorğunluq əleyhinə daş kimi məhşurdur.
Mənbə: Ekspress.Az