Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün maraqlı aksiyaya start verdiklərini bəyan ediblər. Belə ki, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər. Azərbaycanın İstanbuldakı baş konsulluğu da məsələni diqqətdə saxlayaraq müraciətin reallaşması üçün işlər aparır. Bu barədə Modern.az-a Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Onun sözlərinə görə, hazırda Xocalı soyqırımı ilə bağlı tədbirlərə hazırlıq işləri gedir və sözügedən məsələ də diqqətdə saxlanılır. “Ancaq hələ ki, bizə rəsmi cavab verilməyib. Gərək AFFA da bu işlə məşğul olsun. Nəticələri bilən kimi, mətbuata əlavə məlumatlar veriləcək”, – deyə H. Zeynalov qeyd edib.“Qalatasaray” klubunun İstanbuldakı ofisindən Modern.az-a verilən məlumata görə isə UEFA bu kimi məsələləri yasaq edib və bunun böyük cəriməsi var:“Azərbaycanlı qardaşlarımızın bütün dərdləri bizim dərddir. Ancaq belə məsələlərə icazə verilmir”.
Mənbə: Milli.Az