ABŞ-dakı Ayova Universitetinin alimləri gələcəkdə Yerə çırpıla biləcək meteoriti yox etmək üçün yeni raket layihəsi hazırlayıblar.
Layihə Hollivudda 1998-ci ildə çəkilmiş "Armageddon" filmini xatırladır.
Bryus Uillis, Ben Afflek və Liv Taylerin baş rollarda oynadıqları bu filmdə planetimizə böyük sürətlə yaxınlaşan nəhəng meteoru kosmosda parçalamağa çalışan qrupdan bəhs olunurdu.
Milli.Az Space-ə istinadən bildirir ki, Ayova Universitetindəki qrupun rəhbəri Bonq Vinin dediyinə görə, "Hypervelocity Asteroid Intercept Vehicle" (HAIV) layihəsi Yerə çırpıla biləcək asteroid və ya meteoritlərin daxilinə nüvə başlıqları yerləşdirərək onların planetimizdən uzaqda, kosmosda partladılmasını nəzərdə tutur.
Layihənin ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən dəstəkləndiyini vurğulayan Bonq Vi deyib: "Layihənin planetimiz üçün hansı əhəmiyyəti kəsb etdiyini anlamaq üçün 65 milyon il əvvəl Yerə düşən və dinozavrları məhv edən meteorit fəlakətini xatırlatmaq istərdim. Rusiyanın Çelyabinsk şəhərində yerə düşən kiçik meteoritin 1500 nəfəri yaraladığını da unutmayın".
Onun sözlərinə görə, Yer üçün təhlükə kəsb edəcəyi yəqinləşən meteorit və ya asteroidin yazxınlaşdığı qeydə alınan kimi xüsusi nüvə bombaları yüklənmiş raket kosmik orbitə göndəriləcək. Həmin raket təhlükəli səma cisminə yaxınlaşacaq, nüvə bombaları asteroidi atəşə tutacaq.
Mənbə: Milli.Az