Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. 42-ci dəfə keçirilən turnirdə Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandasının üzvləri 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Tren-ə verilən məlumata görə, bu nəticə ilə yığmamız komanda hesabında üçüncü olub. Türkiyə birinci, ABŞ komandası ikinci sırada qərarlaşıb.
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb.
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Ancaq finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
Finala qədər maneəsiz irəliləyən digər bir güləşçimiz turnirin ikinci günündə mübarizəyə qoşulan Emin Əzizov (70 kq) olub. Ardıcıl olaraq Makedoniya, Türkiyə və Tacikistan güləşçilərini üstələyən Emin finalda digər Türkiyə təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.
61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov finalın bir addımlığında məğlub olub. Yaponiya və Türkiyə güləşçilərini üstələyən Əhmədnəbi yarımfinalda Monqolustanlı idmançıyla gərgin keçən görüşü uduzub. Ancaq medal yolunda həlledici görüşdə Türkmənistan pəhləvanından üstün olan təmsilçimiz bürünc medala sahib olub.
97 kq çəki dərəcəsində digər təmsilçimiz Roman Bəkirov da bürünc medala sahib olub.
65 kq çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki Türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib. Həmçinin Yaşar Doğunun xatirəsinə həsr olunmuş 42-ci beynəlxalq turnirin FİLA tərəfindən nümayəndəsi Olimpiya dərəcəli hakim Hicran Şərifov olub.
Mənbə: Milli.Az