Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə “Xocalıya Ədalət!” kampaniyasına start verilib. Lent.Az-ın məlumatına görə, fevral Gürcüstanda “Xocalı ayı” elan olunub.Tədbiri açan AMM-nin rəhbəri Fazil Həsənov “Xocalıya Ədalət!” kampaniyasına həsr olunan tədbirdə hər il millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə xüsusən ali təhsil ocaqlarında təhsil alan gənclərin çoxluq təşkil etdiyini bildirib. F. Həsənov deyib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir.
Q. Paşayeva çıxış edərək Qaradağlı və Xocalı soyqırımı faciələrində şəhid olan bütün şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edib. Q. Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir.
Mənbə: Lent.Az