Qadin.NET / Mavi lavalı vulkan

Mavi lavalı vulkan

 

İndoneziyada bir vulkandan mavi lava axır. Dünyanın ən adi yerlərində qeyri-adi hadisələr olur. Bunlardan biri İndoneziyadakı Kavax İcen kükürd kraterindədir. Oradakı lava mavi neon rəngdədir. O qədər heyrətamizdir ki, onu saatlarla izləmək olar. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Kavax İcen İcen vulkanik zəncirinin bir hissəsidir. Şərqi Yavadakı qədim vulkanlar qrupuna aiddir. Dərinliyi 200 metrdir. Onun dibində firuzəyi rəngdə dünyanın ən böyük kükürd gölü var. 
Göldən kükürd çıxarılır: şaxtaçılar karyerdən kükürdü səbətlərə doldurub əllərində daşıyırlar. Günəş qalxanda kraterin dərinliyindən alov çıxır: gölün kənarından axan kükürd yüksək temperaturun təsiri ilə mavi alovlar saçır. Kükürd fəvvarələrin hündlürlüyü 5 metrə çatır. 
Əslində göl elə də qaynar deyil ki, kükürd alovlansın. O, şaxtaçılar oraya məşəl atanda yanmağa başlayır.  
Şaxtaçılar dəhşətli mühitdə işləyirlər: təhlükəsizlikləri üçün heç bir tədbir görülmür. Onlar kükürdün əlləri ilə açdıqları novlardan axıb tökülməsini gözləyir, sonra onu yığıb aparırlar. Kükürdün kiloqramı bazarda 680 rupidir (təxminən 5 sent). Növbə ərzində şaxtaçı 80-100 kq kükürd yığır. Kükürdü hər 24 saatdan bir çıxarırlar. 
Kavax İcen kükürdü dünyada ən təmiz sayılır və qida sənayesində istifadə olunur. 
Ora getmək elə də asan deyil: kükürdün çox mürdar iyi var, güclü külək əsəndə isə vulkandan qatı qaz dumanı qalxır və birbaşa adamın ciyərlərinə çökür. Şaxtaçıların orada necə işləməsi isə heyrət doğurur. Məsələn, 2008-ci ildə fotoqraf Olivye Qrünvald orada mavi lavanın şəklini çəkmək istəyəndə bir kamera və iki linzanı xarab eləmişdi. Çəkiliş vaxtı əleyhqazdan istifadə edirdi, paltarını isə atmalı oldu. Bunlara rəğmən həmin gölü öz gözüylə görmək istəyənlərə məsləhət: çalışın, gölə düşməyəsiniz, çünki yüz faiz turşudur. 
Mənbə: Milli.Az

 

17 fevral 2014
GO BACK