UAGB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anım mərasimində iştirak edən azərbaycanlı və ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspor təmsilçiləri öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər aradan 22 il keçməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.
Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətlə tanış olublar.
"Xocalı faciəsinı törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir". Filmə baxdıqdan sonra bu müraciətlə çıxış edən Odessa meri yanında Gənclər Təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyərək qeyd ediblər ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir: "Biz təəssüflənirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyib. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini soyqırım aktı kimi tanımaq məcburiyyətində qalacaq".
Tədbirdə Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
Mənbə: Trend.Az