Qadin.NET / Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi

Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi

 

Paytaxtda istismar müddətini başa vuran binaların sayı kifayət qədərdir. Son zəlzələ Bakıdakı köhnə binalar mövzusunu yenidən aktuallaşdırıb. Artıq bir neçə ildir ki, onların söküləcəyi ilə bağlı planlar olduğu deyilir. Ancaq hələ ki bu yöndə yenilik yoxdur.

Belə binaların tam siyahısı dəqiq bilinməsə də, faktdır ki, ötən əsrin 50-ci illərinə qədər Bakıda sənaye sahələrində çalışanlar üçün müvəqqəti yaşayış naminə tikilən binaların əksəriyyətinin yaşı 100-ə çatmaqdadır. “İtalyan”, “stalinka”, “xruşşovka” tipli binaların hətta yaşayış üçün təhlükəli olduğunu iddia edənlər var.
Ekspertlərə görə, köhnə binaları sökmək üçün böyük həcmdə vəsait lazımdır. Digər tərəfdən, binaların saxlanılması və tez-tez təmir olunması da effekt vermir. Çünki köhnə bina təmirdən çıxar-çıxmaz yenidən yararsız hala düşür, fasad dağılır, suvaq, boya qopur və sair. Mütəxəssislər hesab edirlər ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verəcəyi halda köhnə binaların dağılmaq təhlükəsi yüksək ola bilər. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, o səbəbə ki, həmin binaların o zamankı seysmik göstəricisi 6 balla qiymətləndirilib. 
Bakıda köhnə evlərin əksəriyyəti XIX əsrdə və XX əsrin əvvəllərində inşa edilib. Mütəxəssislər müasir tikililərdə, körpülərdə, yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyirlər. Binaların möhkəmliyinin ikinci amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən də asılıdır. Əgər armaturun tərkibində karbon çoxdusa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. 
Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karbon daha çox olan armaturların içi dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı daha böyük olur. 
Armaturun möhkəmliyi həmçinin, onun hansı xammaldan hazırlamasından çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Allah eləməmiş, əgər güclü zəlzələ baş verərsə, köhnə binalar buna tab gətirə biləcəkmi?
Əməkdar memar Ömər Qoçulu növbəti dəfə güclü zəlzələ olarsa, köhnə binaların buna tab gətirə bilməyəcəyini dedi: 
“Köhnə beşmərtəbəli binaların hamısı elə də möhkəm tikilməyib. O vaxtlar inşaat qaydalarına dəqiq riayət edilmirdi. Buna görə də zəlzələyə bu tip binaların davam gətirə bilməsi şübhə altındadır. Ancaq çox güman ki, burada yaşayan insanların təhlükəsizliyi üçün müəyyən tədbirlər görülür. Hazırda tikilən binalara isə çox diqqət edilir. Söhbət sakinlərin rahatlığından, qorxusuz və təhlükəsiz yaşamasından gedirsə, bütün inşaat qaydalarına riayət etmək lazımdır. Hazırda tikilən bütün binaların möhkəmliyinə qəti şübhə olmasın. Çünki onlar dəfələrlə yoxlanılır. Hətta elə vaxt olur ki, binaların layihələri Fövqəladə Hallar Nazirliyi tərəfindən geri qaytarılır, irad tutulur və layihədə hesabların düzgün aparılmasına diqqət yetirilməsi tələb edilir. Heç kimin xətrinə dəyməsin ki, bizi incidir, layihələrdə dəfələrlə düzəliş etməyə məcbur edirlər. Söhbət insanların rahat və təhlükəsiz yaşamasından gedirsə, bu, xeyirli bir işdir. 
Binaların möhkəmliyi istənilən səviyyədə olmalıdır. Binalar müasir inşaat və normaların əsasında rahat tikilməli və bununla da insanlar qorxusuz həyat keçirməlidirlər. Köhnə binalar da əbədi olaraq tikilməyib və onların əksəriyyətinin istismar müddəti bitib. Bu binalar 30-50 illik bir dövr üçün nəzərdə tutulmuşdu. Bu binalar şəhər palitrasından uzaqlaşdırılıb, sökülüb yenidən tikiləcək. Artıq bu sahədə xeyli irəliləyiş var. Bütün binaların inşaat formalarına və qaydalarına riayət edilməsinə çox ciddi nəzarət var. Bunun sayəsində də əminəm ki, bizim heç vaxt qorxu yükümüz olmayacaq”.

Mənbə: Milli.Az

14 fevral 2014
GO BACK