Qadin.NET / Sevgi üçün bir gün, yoxsa hər gün?

Sevgi üçün bir gün, yoxsa hər gün?

 

“Məhəbbət nəşələndirici qəzadır: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan. Öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla məhv olacağın anı gözləyirsən”. Bu bədbin sözləri qarşılıqsız sevgidən əziyyət çəkən tanınmış bir yazıçı öz romanında yazmışdı. Sevgi, doğrudan da, insanları bəzən xoşbəxt gələcəyə, bəzən isə məşəqqətli günlərə aparır. Məhəbbətin iztirablarından qorxaraq kənara çəkilənlər isə əsl sevginin olmadığını deyirlər. Bəlkə də, sevgini elə ən çox ona ehtiyac duyanlar inkar edirlər.
Cəfalarına və səfalarına baxmayaraq, insanı dünyada xoşbəxt edə bilən hiss, doğrudan da, sevgidir. O, insanların həyatının hər sahəsinə sirayət edir. Hətta insanlar bunun üçün xüsusi gün də düşünüblər - 14 fevral Sevgililər Günü.
Məlum olduğu kimi, Sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi. Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin şəkildə evləndirirdi. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra 14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün dünyaya yayıldı.
Sevgililər Günü qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq ölkələrində bir qədər çətin qəbul edilir. Konservativ düşüncəli şəxslər xristian cəmiyyətində mövcud olan bayramların şərq ölkələrinə ixracının qəti əleyhinədirlər. İnsanlar qəlblərinin dərinliyində sevgilərinə həsr edilmiş bir günün olmasını istəsələr də, aşkarda bunu büruzə etməkdən qaçırlar. Mental və dini dəyərlər həmin duyğuları bəyan etməyə imkan vermir.
Azərbaycanda da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri dəyərlər prizmasından çıxış edərək “Sevgililər Gününün” tək xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər. Çünki Müqəddəs Valentin insanların ailə qurmasına qarşı çıxan zalım padşaha qarşı üsyana çıxmışdı. O padşah ki, bütün dinlərin insanlar qarşısında şərt kimi qoyduğu evlənmək öhdəliyini qadağan edirdi.
Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər Gününün gəlişinə sevinirlər.
“Sevgililər Gününün” dini və ideoloji tərəfi ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur.
Bəs siz necə düşünürsüz, əziz oxucular? Sevgililər Günü dini, yoxsa bəşəri bayramdır? Şərq və müsəlman ölkəsində Sevgililər Gününün qeyd edilməsinə ehtiyac varmı? Bu bayramdan imtina etmək lazımdır, yoxsa çətinliklərin öhdəsindən gələrək möhkəmlənmək?
Fikirlərinizi gözləyirik...
Mənbə: Milli.Az

 

14 fevral 2014
GO BACK