Qadin.NET / Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?

Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?

 

Son zamanlar Bakıda hündürmərtəbəli binaların tikilməsi sürətlə artır. Bu, şəhərin gözəlləşməsi baxımından yaxşı hal sayıla bilər, amma sürətli şəhərləşmə prosesi özü ilə bir çox problemlər gətirir. Belə ki, hündürmərətəbəli binaların artması şəhərlərdə əhali sıxlığı yaradır. Ekoloqlarsa hesab edirlər ki, ətraf mühitin çirklənməsinin əsas səbəbi şəhərləşmənin, hündürmərtəbəli binaların artmasıdır.

İnsanların sıx olduğu əraizlərdə onların hər cür fəaliyyətləri nəticəsində suda, torpaqda və havada çirklilik meydana gəlir. Ekoloji tarazlığın pozulması nəticəsində pis qoxu, zəhərlilik, radiasiya, səs-küy, hava çirkliliyi və arzu edilməyən digər nəticələr meydana çıxır.Ekoloq Araz Əliyev deyir ki, insanların daha yaxşı həyat şərtlərinə qovuşmaq məqsədi ilə şəhərlərə köç etməsi ekoloji pozulmaların səbəblərinin başında durur. "Şəhərlərdə hündürmərtəbəli binaların sayı artdıqca kəndlərdə yaşayan əhali ev-eşiyini qoyub şəhərlərə köç edirlər. Hesablamalara görə, 50-100 il ərzində hələ kəndlərdən köç davam edəcək. Əvvəllər Bakı geniş gözəl şəhər idi. Bu gün isə Bakı deyiləndə göz önünə hündürmərtəbəli binalar gəlir. Əhalinin artması isə ekologiya üçün böyük təhlükədir".
Həmsöhbətimizin sözlərinə görə, şəhərləşmə iqlim dəyişikliyinə də səbəb olur. Belə ki, Bakıda hündürmərtəbəli binaların sayı artdıqca şəhərin havası istiləşir. Yollar, binalar, səkilər gün boyu yığdığı emerjini gecə sərbəst buraxaraq iqlimin həddən artıq istiləşməsinə səbəb olur. Bununla yanaşı hündürmərtəbəli binalar əsən küləyin qarşısını kəsərək bitki örtüyünə zərər verir. "Yəqin fikir vermisiniz, istixanalarda enerji şüşəyə və ya sellofana dəyərək geri qayıdır. Buna görə hər zaman içəri bürkü, boğanaq olur. İndi Bakını göz önünə gətirək. Hündürmərtəbəli binaların ucaldılması nəticəsində atmosferdə artan karbon 4 oksid miqdarı günəş şüalarını içəri az buraxdığı kimi, atmosferə dönməsinə də mane olur. Yəni, zamanla Bakı ekologiyanın, ətraf mühitin və havanın ən çirkli olduğu şəhər olacaq".
Hesablamalara görə, sürətli şəhərləşmə 2020-ci ilə qədər dünyada istiləşməni 2-3 dərəcə artıracaq. Bunun nəticəsində isə buzlaqlarda ərimə prosesi baş verəcək ki, bu da torpaq hissənin 20 faiz daha su altında qalacağı deməkdir.
Hava çirkliliyi şəhərlərin əsas problemlərindən biridir. Aparılan araşdırmalara görə, dünyada 1,1 milyarddan daha çox insan olduqca pis havası olan şəhərlərdə yaşayır. Şəhərlərdəki hava çirkliliyinin əsas səbəbləri sənaye qazları, avtomobillər və enerji istehsalıdır. Hava çirkliliyi hava mühitindəki çirkləndirici ünsürlərin havanın özünü təmizləmə tutumunu aşması nəticəsində meydana gəlir. "Hava çirkliliyi toz, tüstü, qoxu, su buxarı kimi çirkləndirici faktorların insan, digər canlılar və hətta əşyalara zərər verəcək miqdarda yüksəlməsi ilə təyin edilir" deyən ekoloq bildirir ki, hündürmərtəbəli binalar artdıqca, şəhərlərə insan axını davam etdikcə, əhali sıxlaşdıqca insanlar zamanla sağlamlığın nə olacağını unudacaqlar.
Həkim terapevt Məlahət Abbasova hesab edir ki, hava çirkliliyi xüsusilə tənəffüs problemi olan insanlara daha çox zərər verir. Onun sözlərinə görə, hazırda böyük şəhərlərdə yaşayan onminlərlə insan hava çirkliliyi nəticəsində müxtəlif xəstəliklərə yoluxaraq dünyasını dəyişir.
Qeyd edək ki, şəhərləşmənin, hündür binaların artmasının zərərlərindən biri də təmiz suyun azalmasıdır. Hazırda dünyada bir milyard insan təmiz və sağlam su qəbul etmir. Təmiz suyun azalması nəticəsində dünyada 900 milyon uşaq ishal xəstəliyinə tutulmuş və 3 milyon uşaq bu xəstəliklə dünyasını dəyişib.
Həkimin sözlərinə görə, göydələnlərdə yaşayan və ya işləyən insanların 60-70 faizi baş ağrısından şikayətlənir: "Miqren baş ağrısı xüsusilə gənc qızlarda daha çox müşahidə edilir. Miqrenlə birlikdə xəstədə ürək bulanması, ürək döyüntüsünün artması, görmə pozuntusu meydana çıxır".
Abbasova deyir ki, hündür binalarda yaşayan insanlarda ürək-damar çatışmazlığı, təzyiqin artması və azalması, depressiya, səs-küyün çox olduğu əraizlərdə yaşamaq isə əsəb sisteminin pozulması ilə nəticələnir. "Hündürmərtəbəli binaların artması ekologiyanı çirkləndirir. Özünüz düşünün, əgər əvvəl şəhərdə 1 milyon insan yaşayırdısa, indi bu rəqəm 3 milyona çatıb. Əhali sıxlığı xəstəliklərin artması deməkdir. Təmiz hava çatışmazlığı, yollarda olan kirlilik, avtomobillərin tüstü-qoxusu əsl xəstəlik mənbəyidir. Bu qədər insanın içində sağlam qalmaq olarmı? Hərədə bir xəstəlik var. Özümüz öz qatilimizik. Hamı axışır Bakıya, bu isə xəstəliklərin artmasına səbəb olur".
Mütəxəssislərin fikrincə, Bakıda hündürmərtəbəli binaların tikilməsi belə templə davam edərsə, yaxın 20 ildə yoluxucu və əsəb xəstəliklərinin sayı artacaq. Bu isə öz növbəsində insanların həyatını itirməsi ilə nəticələnəcək.
Mənbə: Ekspress.Az

 

13 fevral 2014
GO BACK