"Media azadlığının beşikləri" sayılan kütləvi informasiya vasitələri bu prinsiplərə riayət etdiklərini, inkişaf etməkdə olan ölkələrin mediasını da hadisələrlə proseslərə ədalətli yanaşmaya çağırdıqlarını bəyan edirlər.
Əfsuslar olsun ki, son vaxtlar Qərb mediasının "qocaman", "ən nüfuzlu" sayılan mass-media vasitələrində sadalanan məqamların kobud şəkildə pozulması, informasiyanın qərəzli şəkildə təqdimatı və kimlərinsə görmək istədiklərini artıq görülənlər kimi yazılması, göstərilməsi və deyilməsi dəfələrlə təkrarlanan, rutinə çevrilən ünsürə çevrilib.
Avropa və ABŞ-dakı belə media strukturları arasında Birləşmiş Ştatlardakı nüfuzlu "The Wall Street Journal" qəzeti də var.
Redaksiyamıza daxil olmuş məlumata görə, "The Wall Street Journal"ın 15 fevral tarixli sayında ölkəmizlə dövlətimizin əleyhinə yönəlmiş "Azərbaycan və korrupsiya" adlı məqalənin dərc olunması nəzərdə tutulub.
Yazı guya "qəzetin əməkdaşları tərəfindən, guya Azərbaycandakı korrupsiya hallarının uzunmüddətli izlənməsi nəticəsində" hazırlanıb.
Azərbaycan hakimiyyətinə "çox sərt tənqidlər"in ünvanlandığı yazıda hansısa faktların səbatlı olmasından danışmağa dəyməz.
Çünki oxşar materiallar ötən ildə də "The Wall Street Journal"da dərc olunmuşdu.
Görünən budur ki, Azərbaycana qarşı yönəlmiş informasiya, "təhlil" və "araşdırma"lar "The Wall Street Journal"ın redaksiya siyasətində əlahiddə yer tutan məqamdır.
Belədə jurnalistikanın hansısa prinsiplərinə riayətdən danışmaq da yersiz cəhdlər təsiri bağışlayır.
Qəzetin Azərbaycanla bağlı sürəkli olaraq əsassız və qərəzli materiallar dərc etməsinin digər maraqlı yönü isə həmin yazılardan əvvəl ABŞ-dakı erməni diasporunun hələ çap olunmamış "material"da yer alan "fakt"lardan bəhs etməsi, yazı işıq üzü görəndən sonra isə sözügedən məqaləni iqtibaslara bölərək Azərbaycana qarşı təbliğatda fəal istifadə etmələridir.
Mənbə: Milli.Az