Qadin.NET / Sevgililər, yoxsa bahalaşma günü?

Sevgililər, yoxsa bahalaşma günü?

 

14 fevral sevgililər üçün fərqli bir gündür. Bəs görəsən, haradan gəlir bu sevgililər günü? Sevgilər gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki həmin gün Roma tanrılarının və ilahələrin kraliçası olan Junonun şərəfinə tətil edilirdi.

Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. 15 fevralda isə “Lupercalia Bayramı” başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə o idi ki, həyatları kəskin qaydalarla məhdudlaşdırılmış gənclər bir-birilərini yalnız bu bayram müddətində bəyənib özlərinə portnyor seçə bilirdilər. İllər keçdikcə yavaş-yavaş fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birilərinə eşq mesajları göndərdiyi bir gün halına gəldi. Buna paralel olaraq Əziz Valentin də bütün sevənlərin qoruyucusu halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər gününün klassik emblemi qırmızı qızılgül hesab olunur. Qırmızı qızılgül Yunanıstanın sevgi və gözəllik ilahəsi Afrodita ilə bağlıdır. Belə ki, sevgilisi ilə görüşə tələsən Afrodita ağ qızılgül koluna ilişir və onun qanı güllərin üzərinə yayılır. Elə o vaxtdan qırmızı qızılgül məhəbbət rəmzi hesab olunur.
Azərbaycanda Sevgililər Günü 30 iyun şəhid olmuş İlham və Fərizənin toy günündə keçirilsə də əksəriyyət hələ də fevralın 14-ü sevgililər günü kimi qeyd edir. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Demək olar ki, hər kəs hər il 14 fevralda sevgilisinə və ya həyat yoldaşına sevgisini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir. Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsli o qədər də maraqlandırmır. Şəhərdəki hədiyyə və gül dükanlarına baş çəkib güllərin və hədiyyələrin qiymətləri ilə tanış olduq. Hamı yaxşı bilir ki, bizdə bayram gəlməmişdən öncə qiymətlər birə-beşə qalxır. Gül salonlarında istənilən rəngdə müxtəlif güllər vardı.
Qiymətləri də elə bir-birindən fərqlənirdi. Gül salonlarında ən ucuz gül 40 qəpiyə satılan qərənfil idi. Ən bahalı gül buketləri isə antropa buketləridir ki, bunların qiyməti 60-100 manat arasında dəyişir. Sevgililər günündə ən aktual hesab edilən qızılgülün bir ədədi isə 4 manata satılırdı. Bir ədəd qızılgüldən bağlama düzəltmək 10 manata başa gəlir. Gül salonlarının satıcıları deyir ki, indi qızılgülün qiyməti 4 manat olsa da, 14 fevral günü bunun qiyməti bahalaşacaq, 6-10 manat olacaq. Hədiyyəlik oyuncaqlara, suvenirlərə gəlincə isə onlar da müxtəlif qiymətə idi. 20 manatdan 70 manatadək yumşaq oyuncaqlar, 80 manatda 500 manatadək də suvenirlər satılırdı.
Suvenir mağazasının satıcısı Afaq xanım əvvəlki kimi alıcıların olmadığını dedi: “Əvvəlki illərdə 14 fevralda mağazamızda az halda mal qalırdı. Hamısı satılırdı. Ancaq indi alıcılar çox azalıb. Çox adam sevgililər gününü 30 iyunda qeyd edir”. 
Qeyd edək ki, parfümeriya və bir sıra hədiyyə mağazalarında artıq sevgililər günü endirimləri başlayıb. Ancaq bu endirimlər belə vətəndaşların cibinə uyğun deyil. Rəqabətdə olan parfümeriya mağazalarının önündə sevgililər gününə özəl fantastik endirim kampaniyaları ilə müştəri tutmağa çalışsalar da içəri daxil olanda heç 10 faizə qədər endirim hiss olunmur. Həmçinin məhsula edilən endirimi sübut edəcək fakt da ortaya qoyulmur. Alıcılara şifahi olaraq “qiyməti budur, endirimlə bu qiymətə satırıq” deyirlər. "Chanel", “Dior”, “Lancome”, “Guerlain”, “Bourjois”, “Calvin Klein”, “Collistar”, “Chopard”, “Gucci”, “Burberry”, “İsadora”, “Hugo Boss” kimi kütləvi kosmetikanın ən çox tələb olunan brendlərinin satışını həyata keçirən “İdeal”da da endirim olmasına baxmayaraq qiymətlər “əl yandırırdı”.

Mənbə: Milli.Az

13 fevral 2014
GO BACK