Milli.Az İslam.az-a istinadən bildirir ki, “Rafizi” sözünün ərəb dilindən tərcüməsi “kənarlaşmış, uzaqlaşmış, tərk edib getmış” mənalarını verir. Tarixi mənbələrdə deyilir ki, Əməvilərə qarşı üsyan qaldırmış Zeyd ibn Əli, onu tək buraxıb qaçan keçmiş tərəfdarları haqqında ilk dəfə bu ifadəni işlətmişdi. Sonralar şiələrə qarşı düşmən mövqedə duran təəssübkeş qüvvələr şiələri dindən azmış, əhli-sünnə əqidəsindən uzaqlaşmış mənasında bu ləqəblə çağırmağa başladılar. Bu günə kimi dini kitablarda şiələr “rafizi” adlandırılır. Hal-hazırda bu termin əsasən sələfi-vəhhabi mənbələrində işlədilir.Şafii məzhəbinin banisi İmam Şafii şeirlərinin birində deyirdi: “Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə, qoy bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm!” (Əs-Səvaiqül-mühriqə, səh. 117; Təfsirül-kəbir, XXVII, 167; Hilyətül-övliya, IX, 152-153; Əl-Füsulül-mühimmə, səh. 22; Yənabiül-məvəddə, III, 99, 138, 352 və s. mənbələr).
Mənbə: Milli.Az