Fevralın 10-da baş vermiş zəlzələdən sonra bu gərginlik daha da artıb. İnsanlar təlaş və qorxu içərisindədirlər. Məlumat üçün bildirək ki, zəlzələ zamanı paytaxtda qorxuya düşən insanlar bir neçə saatlıq evlərini tərk ediblər.
Şamaxıda da əhalinin əksəriyyəti evini tərk edib. Bunu aznews.az-a açıqlamasında Şamaxının baş memarı, rayon icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri Sərxan İsmayılov deyib. O, rayonda zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya da yaradıldığını bildirib.
Zəlzələ Şamaxı, Hacıqabul, İmişli, Sabirabad, Beyləqan və Yardımlı rayonlarında bir sıra dağıntılara səbəb olub. Kürdəmirdə məcburi köçkünlərin yaşadığı Peşə Liseyinin iki beşmərtəbəli yataqxanası qəzalı vəziyyətə düşüb.
Bu arada Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli mətbuata açıqlamasında bildirib ki, baş verən zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər. Ancaq bu qorxulu olmayacaq. Onun sözlərinə görə, Rixter cədvəli ilə zəlzələnin maqnitudası 5,7 bal olub: “Zəlzələ 55 kilometr dərinlikdə olduğundan ölkənin, demək olar ki, bütün ərazilərində hiss olunub və böyük dağıntıya gətirməyib. Adətən Azərbaycan ərazisində zəlzələlərin episentri 8, 10, 12, 20 km dərinlikdə olur”.
Bəs zəlzələ anında insanlar necə davranmalıdırlar?
Mütəxəssislərin fikrincə, tələfat daha çox insanların zəlzələ zamanı necə hərəkət etməli olduğunu bilmədikləri ucbatından baş verir.
Ümumi tövsiyələr belədir ki, binanın təkanlarını hiss edərkən vahiməyə düşməyəsən (ilk təkanları hiss etdikdən sonra binanın uçmasına qədər onu tərk etməyə sizin 15-20 saniyəniz var), sənəd, pul və digər lazımi götürüb tez binanı tərk edəsən. Binanı tərk edərkən liftdən yox, pilləkənlərdən istifadə edilsə, yaxşı olar. Çölə çıxan kimi açıq sahədə, bina və tikililərdən uzaq dayanmaq məsləhətdir. Yeraltı təkanları hiss edən kimi tez mənzilin və ya otağın giriş qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsi və bütövlüklə binanın deformasiyaya uğraması nəticəsində giriş qapıları əksər hallarda pərçimlənir (sıxılır) ki, bu da sonradan onu açıb otaqdan çıxmağa imkan vermir. Mənzildə daxili divarın yanında, otaqların künclərində dayanın. Əgər mümkündürsə, stolun altında gizlənin - o sizi yuxarıdan düşən əşya və dağıntılardan xilas edə bilər. Yadda saxlayın, ən çox binanın xarici divarları uçur. Ona görə də heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz. Əgər sizinlə uşaqlar varsa, onları ədyala bükün. Şam, kibrit və alışqandan istifadə etməyin - qaz sızıntısı zamanı yanğın ola bilər. Eyvanlardan, karnizlərdən, hasarlardan uzaq olun, qırılmış məftillərdən ehtiyatlı olun. Qaçaraq binadan çıxmayın, belə ki, yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli ola bilər.
Əgər siz çox hündür olmayan, 1-3 mərtəbəli binanın içərisindəsinizsə, yaxşı olar ki, yuxarıdan tökülən daş və qırıntılardan özünüzü qorumaq şərti ilə oranı tərk edəsiniz. Çoxmərtəbəli binada yaşayırsınızsa, onda ən yaxşısı elə mənzilinizdə qalmaqdır. Pilləkən qəfəsinə çıxmağa və liftə minməyə tələsməyin, ola bilər ki, lift işləməsin. Unutmayın ki, zəlzələ zamanı lift və pilləkən qəfəsləri çox hallarda sıradan çıxır. Əgər küçədəsinizsə, onda o tərəfə - bu tərəfə qaçmayın. Güclü təkanları hiss edən kimi yerə oturun, hər hansı bir əşyadan tutmağa çalışın. Küçədə yüksək mərtəbəli binanın yanındasınızsa çalışın ki, tez oradan uzaqlaşasınız. İlk təkan baş verən kimi elektrik enerjisi kəsilərsə, bundan narahat olmayın, çalışın ki, mənzilinizə daxil olan qaz və elektrik enerjisini bağlayasınız. Təkrar təkanlardan qorxmayın, bu heç də yeni zəlzələ deyil. İlkin təkanlardan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonra isə eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra arabir təkrar güclü təkanlar hiss edilə bilər, belə təkanlara avterşok (təkrar zərbə) deyilir. Avterşoklar əsas təkandan bir neçə dəqiqə və ya saat sonra baş verə bilər.
Təcrübə göstərir ki, əksər hallarda insanlar ləng tərpəndikləri üçün binanın silkələnməsi zamanı tavandan, divardan tökülən əşya və qırıntılardan xəsarət alırlar.
Mənbə: Milli.Az