Qadin.NET / Gənc anaların ən ağrılı yeri

Gənc anaların ən ağrılı yeri

 

"Yemək saatı yaxınlaşdıqca çətinliklərim başlayır", "Digər uşaqlar nə gözəl yeyir, bir də mənimkinə bax", "Bütün gün ağızına bir tikə də yemək qoymayıb"... Yəqin ki, əksər analar övladlarının yemək yeməməsindən şikayətlənərkən əsasən bu sözləri deyirlər.

Uşaqlar çox kiçik yaşlardan yemək yemək və tualetə getməyin öz əllərində olduğunu dərk edirlər. Onlar başa düşürlər ki, yemək yeyərək və ya yeməyərək ailələrini sınağa çəkə bilərlər. Bir çoxları yemək zamanı yeməkdən imtina edərək diqqəti özünə çəkir, ata-anasını incidə bilirlər.
Qidalanma uşağın sağlam olması üçün lazımlı olduğundan valideynlər bu mövzuda israrla davranırlar. Uşaqları nə qədər çox yesə, o qədər sağlam olacaqlarını düşünərək, onu davamlı yedirməyə çalışır, uşaq yeməyi müxtəlif səbəblərlə rədd etdiyində özlərini pis, müvəffəqiyyətsiz bir ana kmi hiss edirlər. Anasının bu mövzudakı zəifliyini hiss edən uşaq yemə davranışını anaya qarşı istifadə etməyə başlayır. Yedirtmə zamanı ananın kədərləndiyini və ya əsəbiləşdiyini hiss etdikcə uşaq da davranışlarını davam etdirir.
Psixoloq Aynur Əlibəyli deyir ki, yemək yemək uşağın öz əlindədir. Elə uşaqlar var ki, iştahası olsa da, ac olduğu halda anasını incitmək üçün yeməkdən imtina edir. Uşaq elə düşünür ki, yeməkdən imtina etməklə anasını cəzalandırır. Analar da uşağa çox zaman yemədikləri üçün hirsləndiklərini açıq-aydın büruzə etdirdikləri üçün ananın hirslənməsi uşağın xoşuna gəlir. "Uşaqlar yemək yemədikləri üçün arıq, solğun görünə bilərlər. Belə olan uşaqlara çox zaman ətrafdakıların "bu uşağa yemək vermisiniz?", "çox arıqdır, xəstəyə oxşayır", "ac qalır bu uşaq, xəstə olacaq" deməsi, valideynləri bir az da qıcıqlandırır və onlar da istər-istəməz uşağın üzərinə daha çox düşürlər. Uşağa "ye, nə gözləyirsən, acından öləcəksən", "yemirsən məni daha çox incidirsən" deyilməsi uşağı ananı incitməyə daha çox həvəsləndirir. Təsəvvür edin, uşaq yeməkdən imtina edir. Ata-ana əsəbidir. Uşaq arada 1-2 qaşıq yeməkdən yeyir, qusur, tüpürür. Valideynlər gərgindir. Uşaq isə bundan həzz alır".
Psixoloq məsləhət görür ki, yeməkdən imtina edən uşaqların üzərinə çox getməyin. Çünki uşaq təkcə yeməklə deyil, sevgiylə, şəfqətlə böyüyür. "Uşağınızın sağlam inkişafı üçün çox yeməsi önəmli deyil, əsas olan balanslı qidalanmasıdır. Uşağınızı başqa uşaqlarla müqayisə etməyin, hər orqanizmin ehtiyacı və böyümə sürəti fərqlidir. Uşağınızın ehtiyaclarına, sizdən gözlədiklərinə, istədiklərinə qulaq asın. İlk illərdə qidalanma daha əhəmiyyətli bir ehtiyac olsa da, irəliləyən illərdə uşaqlarınızın sizinlə daha çox vaxt keçirmək istəkləri doğacaq".
Ac olan uşaq əvvəl-axır yemək istəyəcək. Həmsöhbətimizə görə, uşağı yeməyə məcbur etmək düzgün deyil. "Çalışın ki, uşaq qidalanarkən masada oturub yesin. Uşaq masaya alışmalıdır".
A.Əlibəyli yemək aralarında uşağa başqa qidalar - peçenye, meyvə, şokolad yeməyə icazə verməyi məsləhət görmür. Dediyinə görə, əgər uşaq yemək yemədən süfrədən qalxırsa, bir neçə saat sonra aca bilər. "Ona çərəz və ya digər xırda qidalar yeməyə icazə verməyin. Yemək zamanı nə qədər əsəbiləşsəniz də bunu uşağa hiss etdirməyin. Yeməyi uşağın qarşısından götürüb və gülümsəyərək, "yemirsən yemə" deyin.
Yeməyini yemədiyi üçün uşağınızı cəzalandırmayın və ya yediyi üçün mükafatlandırmayın".
Yeməyini yeməsi üçün israrçı olmayın, söz verməyin, nağıl və ya hekayələrlə diqqətini dağıdıb, yeməyi ağzına dürtməyin. Yeməklərin hamısını bir-birinə qarışdırıb sürətlə yedirməyin. Buraxın özü qərar versin. "Yeməyi masada yemək lazımdır. Qab əlinizdə arxasınca düşməyin. Heç bir şey yemir, heç olmasa bunu sevir - yesin deyərək, qidalandırıcı dəyəri olmayan, ancaq tez doyuran qidaları uşağınıza yedirtməyin. Uşağınızın yeməklə əlaqədar problemini onun yanında kiminləsə bölüşməyin. Uşaq bunu eşidərsə, sizi zaman-zaman yemək yeməməklə cəzalandırmağa çalışacaq".

Mənbə: Milli.Az

11 fevral 2014
GO BACK