Hazırda Suriyanın Hələb şəhərində vətəndaş müharibəsinin ən pik vaxtlarıdır. Bu şəhərdə tanınmış Azərbaycan şairi İmadəddin Nəsiminin də məzarı var. Hələbdə hərbi əməliyyatlar şiddətlənəndən sonra Nəsiminin oradakı məzarının Azərbaycana köçürülməsi ideyası gündəmdən düşmür.
Bu mövzu mediada indiyədək bir neçə dəfə müzakirə olunub. Ölkənin ayrı-ayrı ziyalıları, ədəbiyyat nümayəndələri, millət vəkilləri Nəsiminin məzarının köçürülməsi ilə bağlı təkliflərlə çıxış ediblər.Mövzunun aktuallığını nəzərə alıb yenidən müxtəlif ziyalıların, ekspertlərin mövqeyini öyrəndik.
Nəsiminin Suriyanın Hələb şəhərindəki məqbərəsini son ziyarət edənlərdən biri olan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev anspress-ə bu haqda verdiyi açıqlamada deyib ki, Hələb şəhərində gedən qızğın döyüşlərdən sonra Nəsiminin qəbrinin taleyi hər bir azərbaycanlı kimi onu da narahat edir. O, Azərbaycanın Suriyadakı səfirliyi vasitəsilə tez-tez Hələbdəki keçmiş qubernator müavini Məhəmməd Qədjə ilə əlaqə saxladığını deyir: “Orada yaşayan əhali 600 ildir ki, Nəsiminin abidəsini qoruyub saxlayır və ona rəğbət bəsləyir. İnanıram ki, yenə də onu qoruyacaqlar. Onun öz qohumları, yəni, nəslin davamçıları da həmin abidəni qoruyur”.
“Nəsimi” filmində Nəsimi obrazını canlandıran məşhur aktyor, xalq artisti Rasim Balayev də Nəsiminin məzarı ilə bağlı musavat.com-a fikirlərini deyib: “Nəsiminin Hələbdə olan məzarı ilə bağlı hər halda səlahiyyətli şəxslər bir yol axtarıb taparlar. Təbii ki, Nəsiminin məzarı öz vətənində olsaydı, daha yaxşı olardı. Amma bu, dövlət səviyyəsində olan işdir. Mənim şəxsi fikrimə gəldikdə isə arzu edərdim ki, Nəsiminin məzarı ölkəyə gətirilsin. Eşitdiyimə görə, Nəsiminin nəslinin davamçıları onun məzarını qoruyub saxlayırlar. Bir dəfə buradan Hələb şəhərinə Nəsiminin məzarını ziyarətlə bağlı heyət göndərildi. Təəssüf ki, həmin heyət içərisində Nəsimiyə dəxli olmayan şəxsləri apardılar, məni aparmadılar. Amma oranın səfiri mənə dedi ki, mən sənin Hələbə səfərini təşkil edərəm - Nəsiminin məzarını ziyarət edərsən. Səfir də eyni zamanda mənim yaxın dostumdur. Sonra Suriyada müharibə başlandı, ara qarışdı, ora getməyimiz mümkün olmadı. Hər halda mən istəyərdim ki, Nəsiminin məzarı ölkəmizə gətirilsin.”
Nəsimi irsinin araşdırıcısı, jurnalist Tofiq Türkel Nəsiminin təhlükə altında olan məzarı ilə bağlı rəsmi Dəməşqə çağırış etməyin mümkün olduğunu dedi: “Azərbaycan hökuməti çağırış etməklə bə məsələyə Suriya hökumətinin diqqətini cəlb edə bilər. Bu, Azərbaycan xalqı üçün kifayət qədər həssas məsələdir.”
AMEA-nın Folklor İnstitutunun elmi işçisi Fəxrəddin Baxşəliyev isə Nəsiminin məzarının təhlükə altında olmasına baxmayaraq Azərbaycana gətirilməsini sanmadığını dedi: “Mən məzarların köçürülməsinin əleyhinəyəm. Əvvəla, buna dinimiz icazə vermir. Amma hökumətlər arasında məzarın köçürülməsi ilə bağlı hər hansı müqavilə imzalansa, təhlükədən uzaq olması üçün qorumaq olar. Azərbaycan hökuməti məzarın qorunması üçün heyət göndərə bilər, yaxud o dövlətin Mədəniyyət Nazirliyi ilə əlaqə saxlaya bilər ki, xüsusi olaraq məzarı qorusunlar”.
Mənbə: Milli.Az