Milli.Az El TV-yə istinadən xəbər verir ki, Macarıstanın İnformasiya-Kommunikasiya Fondunun jurnalistləri Qarabağ müharibəsindən bəhs edən filmin çəkilişlərinə hazırlıq məqsədi ilə Tərtər rayonunda olublar. Onlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun Peşə təlimi Mərkəzində peşə hazırlığı ilə məşğul olan məcburi köçkünlərlə görüşüblər. Görüş zamanı jurnalistlər, Qarabağ müharibəsində ermənilərin həmyerlilərimizə qarşı törətdikləri vəhşiliklərlə bağlı məlumatlar əldə ediblər.Macarıstanlı jurnalist Holvard Adam bu film vasitəsi ilə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq niyyətində olduqlarını bildirib. Macarıstanlı qonaq filmin baş vermiş həqiqətlər üzərində qurulacağını və bu səbəbdən də hazırkı səfərinin məkan seçmək üçün tanışlıq məqsədi daşıdığını bildirib. Qeyd edək ki, yaxın vaxtlarda böyük bir çəkiliş qrupu filmin çəkilişlərinə başlamaq üçün təkrar Azərbaycana gələcək.
Mənbə: Milli.Az