Qadin.NET / Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı

Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı

 

Avtobusda, metroda, mağazada və s-də ağlımıza gələn və gəlməyən bir çox yerlərə toxunuruq. Gün ərzində bizdən başqa nə qədər insanın həmin yerə toxunduğunu isə bilmək qeyri-mümkündür. 

Təbii ki, minlər, milyonların əlləri dəydiyi bu yerləri hər gün təmizləmək də mümkün deyil. Nəzərə alsaq ki, bütün insanlar da sağlam deyil, o zaman təhlükə ilə necə üz-üzə qaldığımızı anlamaq da çətin deyil. İstənilən an adi qrip virusundan tutmuş ağır xəstəliklərə qədər yoluxma şansımız var. Təbii ki, diqqətli olmasaq.
Cenevrədən olan mütəxəssislər müəyyən ediblər ki, qrip virusunun bir çox növləri barmaq uclarında 30 dəqiqəyədək yaşaya bilir. Onlar həm barmaqların sahibini, həm də ətrafındakıları, üzlərinə, dodaqlarına, gözlərinə toxunarkən selikli qişaya düşməklə yoluxdurur.
Rusiya mətbuatında isə bildirilir ki, tədqiqat zamanı könüllülərin barmaqlarının ucuna H3N2 və H1N1 qriplərinin viruslarını bulaşdırıblar. Sonra qripin "məskunlaşdığı ərazi"ni müxtəlif vaxt intervalı ilə test ediblər. H3N2 virusu ilk 3 dəqiqə ərzində maksimal yoluxdurucu olub, H1N1 isə əllərdə 15 dəqiqə qalıb. Yarım saat sonra hər iki virusun infeksiya təhlükəsi iki dəfə azalıb, ancaq əllərdə qrip əvvəlki kimi aktiv olub və həm əlin sahibini, həm də onun ətrafındakıları yoluxdurmaq qabiliyyətində olub. Bu o deməkdir ki, ətrafımızda milyonlarla gözə görünməyən təhlükələr var. Biz isə onlardan xəbərsiz özümüz-özümüzü yoluxdururuq.
Çoxsaylı araşdırma və elmi faktlar təsdiqləyir ki, əllərin gigiyenası insanları hər addımda izləyən bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir. Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir. Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər. Terapevt Xatirə İsayevanın sözlərinə görə, tez-tez əllərini yuyan insanlar bəzən daha çox xəstələnir, nəinki əllərini gec-gec yuyanlar.Həmin növ insanlarda immunitet çox güclüdür, yəni infeksion amilə və yad genetik informasiya daşıyan antigen xassəli yad maddələrə qarşı orqanizmin davamlığı kifayət qədər güclüdü, ona görə bu kateqoriyaya aid olan insanlar daha az xəstələnir: "Bu gün riskli olan əsasən pullar və əl tutacağı olan nəqliyyat vasitələridir. Hətta bir müddət əhali arasında panika da yaranmışdı. Deyilirdi ki, vərəm xəstəliyinə düçar olan insanlar dəmir pul əskinaslarına tüpürərək ağız sularını yayırlar. Nəticədə daha çox insanın yoluxmasını istəyirlər. Bu faktın doğruluq payı nə qədərdir bilmirəm, amma xəstəliklərdən sığortalanmaq üçün xüsusən pul və tutacaqlara qarşı həssas olmaq lazımdır. İnsanlarla fiziki ünsiyyətdən, tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən, ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə, əllərin çirkləndiyi hər halda yaxşıca yumaq lazımdır. Əllərinizi yalnız yeməkdən əvvəl yox, küçədən gələn kimi, tualetdən sonra, daxılınızdakı pulları saydıqdan və s. sonra da yumaq lazımdır. Təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlinizi axar suyun altına salmaq, sonra yaxşıca sabunlamaq, durulayıb, qurulamaq kifayət edir".
Terapevt bildirir ki, əl yumaq imkanı olmayan insanlar çantalarında mütləq spirt, nəm salfet, mikrob-əleyhinə olan gellər daşımalıdır. Bu yollar ilə də mikroblardan qorunmaq mümkündür. Müxtəlif səyahətlər, ictimai nəqliyyat vasitələrindən istifadə və körpələrlə gəzinti zamanı, ofisdə, bir sözlə, əlləri normal qaydada yumaq imkanı olmayan hər yerdə gigiyenik, yaş salfetlər ən ideal təmizləmə vasitəsidir: "Əlləri üzə və ağıza vurmaqdan çəkinmək, tez-tez əlləri təmizləmək lazımdır. Fəsil fərqi yoxdur, istənilən an əgər harasa gedirsinizsə, sizin xəstəliyə yoluxma ehtimalınız yüksəkdir. İmkan olduqca mütləq əlləri isti su ilə və sabunla 10 dəqiqə yuyun. Hətta şəxsi mobil telefona toxunub ağıza vurmaq belə bədənə virus ötürməyə səbəb ola bilir. Ən yaxşı və ən rahat üsul elə antibakterial gellərdir. Əldə qısa müddətə yox olan gellər sabunla yuyulmuş qədər effektiv təsir göstərir".
Araşdırmalar göstərir ki, antimikrob əlavələri olmayan sabunla adi əl yuma bizi infeksion yoluxmalardan qorumaq iqtidarında deyil. Adi sabunla tez-tez əl yuma vaxt aparmaqla narahatçılıq yaradır və bir qayda olaraq nəinki mikrobların yayılma imkanını azaltmır, hətta əksinə onların artımını 17 dəfə çoxaldır. Çanaq, kran və bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da həmçinin bütün mümkün mikroorqanizmlərin daşıyıcısıdırlar. Beləliklə, əllərinizi yuyarkən suyu bağlayaraq krana, təsadüfən çanağın kənarına toxunmanızla siz asanlıqla özünüzlə müxtəlif növlü mikrobları apara bilərsiniz. Buna görə də sabun seçimində diqqətli olmaq lazımdır. Antibakterial effekti olan sabunlarla gün ərzində dəfələrlə əlləri yumaq mikroblardan sığortalanmaq üçün gözəl üsuldur

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK