E.Bədəlov bildirib ki, əslində Abşeron rayonu Bakının ərazisində yaradılıb. Bu rayon 1963-cü ildə Bakıətrafı ərazilərdə aqrar sənaye kompleksləri təşkil edilərkən yaradılıb: "Abşeron rayonu 1963-cü ilə kimi olmayıb. Həmin ərazilərin hamısı Bakı sovetinə aid idi, hətta Sumqayıtın əraziləri də 1949-cu ilə kimi Bakı sovetinə aid olub. 1949-cu ildə Sumqayıtın hazırkı əraziləri Bakı sovetindən ayrılaraq ayrıca şəhər kimi yaradıldı və onun şəhər kimi inkişaf etdirilməsinə başlanıldı".
Elmi işçi deyib ki, 2000-ci illərdə Abşeron sakinləri üçün pay torpaq bölgüsü aparıldı. Həmin zaman hər sakinə orta hesabla 20-30 sot torpaq düşdü. Həmin torpaqların çoxu sonradan satıldığı üçün bu ərazilərdə tamamilə əhali məskunlaşıb: "Fakt odur ki, bu gün Abşeronda, o cümlədən Abşeron yarımadasında əhalinin məskunlaşmadığı ərazi yoxdur".
O qeyd edib ki, Abşeronun bəzi əraziləri Bakının içində olduğu kimi, Bakının da bəzi əraziləri, məsələn, Müşfiqabad qəsəbəsi Abşeron rayonunun içində yerləşir. Buna görə də Müşfiqabad qəsəbəsi Abşeronun ərazilərinə daxil edilməli, Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri isə Bakıya verilməlidir.
Mənbə: Milli.Az