Şaxtalı hava şəraitində sağlamlığımıza diqqət etdiyimiz kimi cildimizin də qeydinə qalmalıyıq. Soyuq havada bədənin nəm ehtiyacı təmin olunmadığı üçün üz dərisi quruyur. Bunun nəticəsində dəri çatlayaraq qaşıntı verməyə başlayır. Yay aylarında tərləyərək dəri nisbətən nəmlənsə də, qış aylarında bu hal az baş verir. Həkimlər tez-tez çimməyi, sabundan az istifadə etməyi məsləhət görürlər. Bədənin nəm ehtiyacını ödəmək üçün nəmləndirici kremlərdən istifadə etmək əsas şərtdir. Dəri quruluğunun qarşısını almaq üçün isə həkimlər ilk növbədə sağlam qidalanmağı və çoxlu su içməyi məsləhət görürlər. Sizə qış aylarında insan orqanizminin qorunması üçün bəzi həkim məsləhətlərini təqdim edirik.
- Çərəz qəbul etmək: Dəridəki yağ balansını təmin edən “E” vitamininə qış aylarında daha çox ehtiyac olur. “E” vitamini ilə zəngin fındıq, badam və qoz dərinizi qışın şaxtasından daha çox qoruyacaq. Bunun üçün həkimlər gündə bir ovuc cərəz yeməyi daha məqsədəuyğun hesab edirlər.
- Yuxu rejiminə diqqət: Yuxusuzluq da dərinizə mənfi təsir edən amillərdəndir. Bu vaxt bədən istirahət edə bilmədiyindən dəridəki oksigen miqdarı azalır. Nəticədə üz dərisində matlıq, göz altında qaralmalar ortaya çıxır. Sistemsiz yuxu həm də dərinin tez qocalmasına səbəb olur.
- Saçları qorumaq: Soyuq hava saçlardan da yan keçmir. Belə ki, mütəxəssislər qış aylarında saçlara nəmləndirici masqalar etməyi və daha az yumağı məsləhət görürlər. Saçları yuyarkən suyun çox qaynar olmamasına diqqət etmək lazımdır. Yuyarkən 2-3 dəfə şampunlamaq və arxasından saça uyğun bir nəmləndirici vurmaq məsləhət görülür. Bu saçların qurumasının və qırılmasının qarşısını alır.
- İstilik sistemi: Soba və ya hər hansısa bir isidici də dəriyə təsir edə bilir. Belə ki, qızdırıcılardan yayılan yüksək temperatur otaqdakı nəmi azaldır, bu isə insan dərisinin qurumasına səbəb olur. Həkimlər bu zaman otaqdakı istilik batareyasının üstünü isladılmış bezlə örtməyi məsləhət görürlər.
Mənbə: Milli.Az