Qadin.NET / Azərbaycan ailəsi: ata seçimi, yoxsa həyat yoldaşı?

Azərbaycan ailəsi: ata seçimi, yoxsa həyat yoldaşı?

 

Bu gün Azərbaycanda boşanmalarla bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Son illərin statistikası da bunu təsdiqləyir. Təbii ki, boşanmalarda müxtəlif səbəblərin rolu var. Bunlardan biri də valideyn təsiri ilə ailələrin qurulmasıdı. 21-ci əsrdə yaşasaq da, hələ ki, bu problemlər həllini tapmayıb. Neçə-neçə qızlar istəmədiyi şəxslə ailə həyatı qurmağa vadar edildiyi üçün problem yaşayır. İldən-ilə bu statistika cüzi dəyişir. Baş verən neqativ olaylar Azərbaycan cəmiyyətinə dərs verə bilmir. Hüquqları tapdalanan övladların bir qismi isə bu vəziyyətlə barışaraq valideynin seçimi ilə razılaşır. Bir növ gələcək ailənin necə olmasının təməl prinsiplərini valideyn övladının əvəzinə müəyyənləşdirir. Beləcə müstəqil olaraq kimlə ailə həyatı quracağını müəyyənləşdirməyən gəncin sabah qurulacaq ailəsinin komandiri də anası olur. Valideyn müdaxiləsi nəticəsində isə söz-söhbətlər, problemlər yaranır. Söz-söhbətlərin sonda boşanmaya səbəb olmasında sevgisizlik prinsipinin də rolu danılmazdı. Sevmədiyi, tanımadığı, kor-koranə biri ilə ailə həyatı quran şəxs üçün bu ailəni dağıtmaq elə də çətin olmur. Sonda isə acınacaqlı mənzərə yaranır. Ata, ya anasız gözüyaşlı böyüyən uşaqlar bu mənzərəyə daha acınacaqlı rəng çaları qatır. Valideynlərin təsiri ilə qurulan ailələri böyük təhlükələr gözləyir. Mövzunu araşdırmaq üçün Milli.Az psixoloq Dəyanət Rzayev və sosioloq Mehman Kərimov ilə əlaqə saxladı.

Psixoloq deyir ki, gənclərin valideynlərinin təsir dairəsində, onlardan asılı vəziyyətdə olması evlilik məsələsində də özünü biruzə verir. O deyir ki, bir çox gənclərin gözündə valideynləri ideallaşıb. Məhz bu səbəbdən də kişilər ailə həyatı qurmağa hazırlaşdığı qızın ata-anası tərəfindən bəyənilməsini istəyir: “Gənclərin böyük qismi özlərinin yox, valideylərinin təsiri və istəyi ilə ailə həyatı qurur. “Anam, atam belə dedi” deyərək valideynlərini özləri üçün ideallaşdırırlar. Övlad valideynin seçimi ilə ailə həyatı qurmadıqda özünü günahkar, ailəsinə xəyanət etmiş kimi hiss edir. Övladın belə qərara gəlməsinin kökündə 20-30 yaşadək valideynlərinin himayəsində olması, onun dəstəyi ilə ali təhsil alması dayanır. Və ya hər hansı bir xanımla ailə həyatı qurmağı düşünərkən də ilk olaraq qızın anasının xoşuna gəlməsini istəyir. “Sənin 10 arvadın ola bilər, bir anan” kimi düşüncələr cəmiyyətimizdə üstünlük təşkil edir. Təbii ki, bunu normal qəbul etmək olmaz”.

Valideyn müdaxiləsi baxımından şəhər və rayonlar üçün bölgü prinsipinin olmadığını deyən D.Rzayev bunun səbəbini izah edir. O deyir ki, bu gün Bakıda rayondan gələnlər daha çox üstünlüyə malik olduğu üçün bölgə prinsipinin bir o qədər də rolu yoxdu. Ekspert bununla yanaşı, daha çox qərb bölgəsində bu ənənənin üstünlük təşkil etdiyini vurğulayır: “Bu gün Bakıda yaşayanların böyük əksəriyyəti rayondan gəlmələrdi. Məhz bu səbəbdən valideyn müdaxiləsi ilə qurulan ailələrin şəhər ya rayonda daha çox üstünlüyə malik olduğunu demək olmaz. Amma ümumi mənzərəyə nəzər yetirdikdə cənub bölgəsindən fərqli olaraq qərb ərazilərində bu ənənənin üstünlük təşkil etdiyi qənaətinə gələ bilərik”.
D.Rzayev deyir ki, valideynlər övladları üçün qız ya oğlan seçərkən daha çox yaxınlıq, qohumluq prinsipləri üzərində dayanır. O, valideynlərin övladları üçün seçdiyi şəxsdə əlavə hər hansı keyfiyyət axtarmadığını vurğulayır: “Bunun üçün əsas olan qohumluq, yaxınlıq və qır-qızıldı. Valideyn düşünür ki, övladının gələcək həyat yoldaşı öz kəndindən olsun, yada qismət olmasın. Əlavə heç bir keyfiyyət tələb olunmur”.
Qohum nikahların fəsadlarından danışan ekspert valideyn məsuliyyətsizliyi qurbanı kimi şikəst övladların dünyaya göz açdığını deyir: “Talassemiya və bu kimi xəstəliklərin geniş yayılmasının əsas səbəbkarı da valideynlərdi. Qohum nikahlar nəticəsində bu cür fəsadlar törənir, xəstə, şikəst, eybəcər övladlar dünyaya gəlir. Heç kəs oxumaq, inkişaf eləmək istəmir”.
Valideynin seçimi ilə qurulan ailənin sütunlarının möhkəm olmadığını deyən ekspert bu cür formal ailələrdə gələcəkdə çoxsaylı problemlərin yarandığını deyir: “Valideyn seçimi ilə qurulan ailənin sütunları möhkəm olmur. Çox dayanaqsız olur. Tərəflərin ailə qurduğu şəxsə qarşı hissləri olmalı, onu tanımalı, bir-birlərini başa düşməlidirlər. Övlad valideyn qarşısında günahkar olmamaq üçün ata-anasının dediyi qızla evlənir. Sonra sevmədiyi qadını incidir, döyür, müxtəlif cür təzyiqlər göstərir”.
Ekspert qeyd edir ki, ailə gəncin öz seçimi ilə qurulmadıqda həmin ailəyə müdaxilələr də çox olur. Və nəticədə bu müdaxilələr boşanmaya səbəb olur. Hazırda Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda öz fikri, istəyi ilə ailə quran gənclərin az olduğunu deyən ekspert ölkə xaricindəki mənzərədən söz açır: “Ailə kənar təsirlər üzərində qurulduqda müdaxilələr də çox olur. Bəzən bacısı qızını oğlu üçün alan qadın ona qarşı təzyiq göstərir. Avropada isə vəziyyət tamamilə fərqlidi. 18 yaşı olduqdan sonra valideyn övladını sərbəst buraxır”. D.Rzayev deyir ki, ailə həyatı qurarkən valideynlərinin fikirlərinə üstünlük verilməsi övladlarının müstəqil olmaması ilə yanaşı, öz fikirlərinin olmamasından da qaynaqlanır.
Sosioloq Mehman Kərimov isə problemə iki aspektdən yanaşır. O qeyd edir ki, Azərbaycan da şərq ölkəsi olduğu üçün bir çox sahələrdə olduğu kimi ailə dəyərlərində də ənənələr ön plana çıxarılır. Məsələnin həm mənfi, həm də müsbət tərəfini qeyd edən M.Kərimov valideynlərin bir növ arxa oturacaqda əyləşən sürücü rolunu oynadığını deyir: “Bu məsələyə iki aspektdən yanaşmaq olar. Azərbaycan şərq ölkəsidi, onun da özünəməxsus ənənələri var. Evlilik məsələsində valideynlər arxa oturacaqda əyləşən sürücü rolundan çıxış edir. Valideyn müdaxiləsi ilə qurulan ailənin ən böyük nöqsanı ailədə sevginin olmamasıdı. Müsbət tərəfi ondan ibarətdir ki, valideynlər övladları üçün seçdiyi şəxsi daha yaxşı tanıyırlar. Bu da onlara ailənin mühafizəsi üçün təminatçı rolundan çıxış etməyə imkan verir. Digər şərq ölkələrində olduğu kimi Azərbaycanda da ənənələr bütün sahələrdə, o cümlədən ailə dəyərlərində də əsas müəyyənedici amil hesab edilir”.
Daha çox kəndlərdə ənənələrin mühafizə olunduğunu deyən ekspert valideyn müdaxiləsi ilə qurulan ailələrdə boşanmaların üstün faizə sahib olduğunu deyir. Onun sözlərinə görə, sevgisizlik amili tərəflərin boşanması üçün bir cığır açır: “Boşanmalarda rol oynayan amillərdən biri də gənclərin valideynin seçimi ilə ailə həyatı qurmasıdı. Gənclər bir növ valideynləri, qohum-tanışlarının bələdçiliyi ilə ailə həyatı qurur...Valideyn müdaxiləsi ilə qurulan ailələrin daha çox olduğunu deyən M.Kərimov belə ailələrdə ata-ana sözünün daha çox keçərli olduğunu vurğulayır. Onun sözlərinə görə, konfliktli struktura malik olan Azərbaycan ailəsində müdaxilələrin də artması tərəflər arasında münasibətlərin bitməsinə səbəb olur.
Mənbə:Milli.Az

 

4 fevral 2014
GO BACK