Bir neçə gündür ki, davam edən qarlı-şaxtalı hava şəraiti yollarda avtomobillərin hərəkətinin təhlükəsizliyini yenidən aktuallaşdırıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, maşınların sürüşməsinə sürücülərin qeyri-peşəkarlığı ilə yanaşı, nəqliyyat vasitələrinin qışa düzgün hazırlanmaması da səbəb olur. Analoji hava şəraitinin daha bir neçə gün davam edəcəyini nəzərə alaraq, buzlu yolların sınağa çəkdiyi sürücülərə bəzi mütəxəssis məsləhətlərini xatırlatmağı vacib bildik.Qışda – qarlı-buzlu yollarda avtomobillə hərəkət zamanı təhlükəsizliyin qorunması nəqliyyat vasitəsinin şinlərindən birbaşa asılıdır. Çoxlarının məlumatsız olduğu bir fakt da odur ki, şinlər buzlu, yaş və quru yollar üçün ayrı istehsal olunur. Azərbaycanda isə yolların vəziyyətinə görə qışda şinləri dəyişdirən çox az sürücü tapmaq olar. Məhz buna görə də, son 3 gündə Gəncəyə yağan qar nəqliyyatın hərəkətinə ciddi təsir edib. Bir çox sürücülər qış şinlərinə keçməməyi qiymətlərlə əlaqələndirsələr də, qış və yay təkərləri arasındakı qiymət fərqi təxminən 20-25 manatdır. Təkər ustaları isə deyirlər ki, qarlı havada təkərlərdə bir sıra dəyişikliklər edilməlidir.İsmail Ellazov, təkər ustası: “Qış girəndə birinci avtomobilin təkərlərini dəyişib qış təkərləri qoymaq lazımdır. Onların “şpor”u çox olur. Sonra isə təkərin havasını buraxmaq lazımdır. Hardasa 1.5 təzyiqlə qoymaq məsləhətdir”.Maraqlıdır ki, elə sürücülər özləri də buzlu yollarda ən böyük təhlükəni, isti mövsüm üçün nəzərdə tutulan kapron təkərlərin yaratdığını deyir.Elşən Əliyev, sürücü: “Mən bütün sürücülərə demək istəyirəm ki, yer buzdu, təkərlərin havasını boşaltsınlar. İmkan varsa, kapron təkərləri rezin təkərlərlə əvəzləsinlər”.Mayis Cəfərov, sürücü: “Mən bütün sürücülərə onu demək istəyirəm ki, rezin təkərlər qoysunlar. Kapronlar yararsızdır. Bir də sürüşməni azaltmaq üçün təkərin təzyiqini azaltsınlar”.Mütəxəssislər də deyirlər ki, sutkalıq orta temperatur +6 dərəcəyə və daha aşağı düşdükdə, yay şinləri qış şinləri ilə əvəzlənməlidir. Buzlu havada isə təkərlərə zəncirlərin taxılması sürüşmə riskini daha da azaldır. Riskdən söz düşmüşkən, sığorta ekspertləri sürücüləri qarlı havada qəzaların baş vermə ehtimalı və statistikasının artmasına diqqət yetirməyə çağırır. Bahadur Hüseynov, sığorta eksperti: “Son iki gündə qar yağması ilə əlaqədar xırda qəzalar çoxalıb. Çox zaman bu qəzalar sürücülərdən asılı olmur. Özlərini artıq xərcdən qorumaq üçün avtomobil sığortalanmalıdır. Qəza baş verdikdə isə mütləq sığorta şirkətinə müraciət olunmalıdır”.Qeyd edək ki, Dövlət Yol Polisi də təcrübəsiz sürücüləri şaxtalı hava şəraitində fərdi avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırıb. Məlumat üçün bildirək ki, bir çox xarici ölkələrdə sürücünün qışa hazırlaşmaması aşkar olunarsa, onun avtomobili cərimə meydançasına aparılır. Bu da, sözsüz ki, buzlu yollarda qəza təhlükəsini xeyli azaldır.
Mənbə: Milli.Az