Qadin.NET / Azərbaycanda dini ibadət yerləri ilə bağlı yeni hüquqi paket hazırlandı

Azərbaycanda dini ibadət yerləri ilə bağlı yeni hüquqi paket hazırlandı

 

"Azərbaycanda məscidlərin və dini icmaların bağlanması ilə bağlı səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur".Bu barədə Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin bu məsələdə verdiyi fətvanın birmənalı qarşılanmadığına dair suala münasibət bildirən E.İskəndərov vurğulayıb ki, həmin fətvanın mətni Dövlət Komitəsinə göndərilib: "Biz onun qanunvericiliyə uyğun olub-olmadığını araşdırdıq və orada "Dini etiqad azadlığı haqqında" qanuna hər hansı zidd bir şey görmədik. Lakin orada mövzu ətrafında gedən müzakirələr zamanı müxtəlif fikirlər, o cümlədən məscidlərin və dini icmaların bağlanması, ləğv edilməsi haqqında fikirlər səsləndirilib. Bu, Qazılar Şurasının üzvlərinin, ora cəlb edilən ekspertlərin və digərlərinin də fikirləri ola bilər. Bunu ictimai diskussiyanın bir hissəsi hesab etmək lazımdır.Lakin orada məscidlərin və dini icmaların bağlanması ilə bağlı səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Dini icmaların ləğv edilməsi, onların fəaliyyətinin yoxlanılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsindədir və bu istiqamətdə də müvafiq işlər görülür".
O qeyd edib ki, bir sıra məscidlərimizdə və icmalarımızda radikal yönümlü dini təbliğat aparılır. Şübhəsiz ki, bu təbliğat açıq-aşkar formada və ya kürsüdən aparılmır. Bütün dini icmalardakı vəziyyət monitorinq edilir: "Lakin elə məscidlərimiz var ki, ora minlərlə insan gəlir. Bu icmalarda müəyyən boşluq olduqda, məsələn, onlar qeydiyyatdan keçmədikdə sıravi üzvlərə fərdi şəkildə radikal təbliğat üçün imkanlar yaranır. Şərt deyil ki, orada minbərdən qeyri-qanuni fikirlər səsləndirilsin. Bəzən, xüsusilə, həmin icmalar və məscidlər dövlət qeydiyyatından keçməyiblərsə, bir qrup insanın ən azından sayı özləri qədər olan dindarlar arasında dini və onların qeyri-qanuni fəaliyyətlərə cəlb edilməsi istiqamətində təbliğat aparmasına şərait yaranır".
Komitə sədrinin sözlərinə görə, təəssüf ki, bir sıra məscidlərin və dini icmaların qeydiyyatı köhnə qaydalara əsaslanır:
"Qərb təsisatları, özünü insan hüquqları sahəsində ekspert sayan mərkəzlər o zaman bizim qanunverciliyimizi tənqid edirdi. Amma indi bizim qanunvericiliyimiz elə qurulub ki, bütün dini icmaların rəsmi qeydiyyatı, hüquqi statusu olsun. Bu onların normal fəaliyyətinə xidmət edən məqamdır. Biz istəyirik ki, status alınarkən bütün əyər-əskikliklər qeydiyyat prosesi dövründə aradan qaldırılsın ki, bəzən o icmanın özünün də xəbəri olmadan kənardan gələn insanlar bu boşluqlardan istifadə edib icmanın tərəfdarlarından, orada ibadət edənlərdən sui-istifadə etməsinlər. Bununla əlaqədar bir neçə məsciddə sənədlərin qanunvericiliyə uyğun olub-olmaması, keçirilən dini ayinlərin praktikası, həmçinin orada yayılan dini ədəbiyyatlarla bağlı kompleks şəkildə yoxlamalar aparılır. Fikrimizcə, bütün dini ədəbiyyatlar ekspertizadan keçməli, onlar müvafiq dini ədəbiyyatların yayıldığı dükanlarda satılmalıdır. Lazım gəldikdə bu boşluqları aradan qaldırmaq üçün bir neçə icmaya qarşı inzibati tədbirlər də həyata keçiriləcək".
E.İskəndərov deyib ki, bir sıra radikal qruplaşmalar ibadət yerlərində olan sıxıntılardan, məkan, yer darlığından, məscidlərdə bütün xidmətlərin olmamasından şikayətlənir və bundan təbliğatlarında istifadə edirlər. Lakin bu yaxınlarda icmalara qanuni əsaslarla ibadət yerlərinin təmiri və bərpasına da icazə veriləcək. Artıq bununla bağlı DQİDK tərəfindən hüquqi paket yenidən işlənərək hazırlanıb və bu yaxınlarda tamamlanaraq ictimaiyyətə təqdim olunacaq.O bildirib ki, ötən il dini icmalarla, o cümlədən radikallarla bağlı istər qanunvericilik, istər maarifləndirmə, istərsə də monitorinq sahəsində xeyli iş görülüb: "Dini radikallar da islah olunmalıdır. Onlarla işlər aparılır. Lakin radikallıq bütün cəmiyyətdə öz təsirini buraxdığı üçün cəmiyyətin müxtəlif təbəqələri də onlarla mübarizədə fəal olmalıdırlar. Bizim gənclər təşkilatlarımız gənclərlə sıx təmasda olmalı, mətbuat orqanları isə maarifləndirmə işinə daha çox diqqət ayırmalıdırlar. Biz müstəqil ilahiyyatçılar, alimlər, sosioloqlarla sıx əməkdaşlıq edirik, amma bu iş müxtəlif istiqamətlərdə inkişaf etdirilməlidir. Hesab edirəm ki, Azərbaycandakı tolerantlıq adət-ənənəsi, dinlər, məzhəblər arasında tarixən olmuş qardaşlıq və dözümlülük ölkəmizi digər millətlərdən, dövlətlərdən ayıran unikal dəyərlərdir. Bu dəyərlərin qorunması hamımızın marağında olmalıdır. Biz bu dəyərləri birgə səylərimizlə, əməllərimizlə qoruyacağıq".

Mənbə: Milli.Az

3 fevral 2014
GO BACK