Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar qəbul imtahanlarını iyul ayında verəcəklər.
Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.
Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.
Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.
Mənbə: Lent.Az