Azərbaycan millisi FİFA reytinqində irəliləyəcək. Apasport.az saytının məlumatına görə, fevralın 13-də rəsmən açıqlanacaq siyahıda yığmaların yer alacağı mövqelər müəyyənləşib.
Komandamız 10 gün sonra açıqlanacaq siyahıda 93-cü yerdə olacaq. Hesabında 372 xal olan Berti Foqtsun yetirmələri ötən ayla müqayisədə 1 pillə irəliləyəcək. Düzdür, siyahının yanvarda açıqlandığı tarixdən sonra millimiz heç bir matça çıxmasa da, xal hesabı da artacaq.
Ötən ay 363 xalı olan komandamız aktivinə daha 9 vahid əlavə edəcək. Futbolçularımızın gözlənilən irəliləyişində Anqolanın enişi də rol oynamalıdır. Ötən ay planetin 89-cusu olan afrikalılar 6 pillə geriləməklə millimizdən geri düşəcək.
Qeyd edək ki, martın 5-də komandamızla yoxlama oyunu keçirəcək Filippin 219 xalla 127-ci yerdə qalacaq. Siyahının ilk 3 pilləsi isə dəyişməyəcək. İspaniya 1-ci, Almaniya 2-ci, Argentina isə 3-cü yerdə mövqeyini qoruyacaq.
Mənbə: Milli.Az