Qadin.NET / Belimiz niyə ağrıyır?

Belimiz niyə ağrıyır?

 

Ölkənin baş travmatoloqu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru professor Vaqif Verdiyev “Media forum”un bu mövzuda suallarına aydınlıq gətirib.Professor deyib ki, klinik müşahidələrə əsasən, onurğa ilə əlaqədar xəstəliklərin statistikası artmaq üzrədir: “Onurğa patologiyası deyəndə ilk növbədə uşaqlarda rast gəlinən anadangəlmə onurğa qüsurlarını nəzərdə tutmalıyıq. Ən çox təsadüf edilən onurğanın yana əyilməsi, skoliozdur. Səbəbi məlum olmayan idiopatik skolioz daha geniş yayılıb. Anadangəlmə skoliozlar, kifozlar da olur. Uşaq ana bətnində inkişaf edərkən əlavə fəqərələr, yarım fəqərələr, digər qüsurlar yarana, qabırğaların sayı dəyişib normadan fərqli ola bilər.Onurğa əyrilikləri içərisində neyrogen deformasiyalar xüsusi qeyd edilməlidir. Sinir sistemində xəstəliyi olan insanların əzələ sistemində balansın pozulması onurğada əyriliklərinə gətirib çıxarır. Neyrofibromatoz nəticəsində skolioz əmələ gələ bilər. Uşaqlıqda əmələ gələn skoliozun müalicəsi də bu dövrdə başlamalıdır. Onlar ortopedik rejimdə, düz, sərt yerdə yatmalı, yeri gələndə korset taxmalı, müalicəvi gimnastika, üzgüçülük, masaj, əzələlərin elektrostimulyasiyası proseduralarından keçirilməlidir. Boyatma dövrü başa çatana qədər dinamik müşahidə aparılmalı, ildə dörd-beş kurs müalicə təyin olunmalıdır. Bəzi hallarda ağır dərəcəli skolioz üzərində hətta düzgün aparılan müalicə də effekt vermir, cərrahi əməliyyatlara ehtiyac yaranır”.Alim qeyd edib ki, uşaqlıq dövründə müalicə edilməyən deformasiyaların üstünə digər xəstəliklər də gəlir: “Buna rus ədəbiyyatında osteoxondroz, dünya elmi ədəbiyyatında onurğanın degenerativ xəstəlikləri, el arasında duz yığılma deyirik. Degenerativ xəstəliklər də bütün dünyada artır. Səbəbi odur ki, urbanizasiyaya uğramış böyük şəhərlərin əhalisi, xüsusən imkanlılar hər gün işə maşınla gedir, evə liftlə qalxır, fiziki işlə, idmanla məşğul olmur. Genləri dəyişilmiş keyfiyyətsiz, tərkibində ziyanlı maddələr, konservantlar olan qidalardan istifadə edirik. Bütün dünyada məhsuldarlıq artsın deyə gübrələr, nitratlar, nitridlər tətbiq olunur. Bu da insan orqanizminə və onun sümük-oynaq sisteminə, həmçinin onurğaya öz mənfi təsirini göstərir.

Onurğanın degenerativ dəyişiklikləri əsasən insanın həyat tərzi ilə bağlıdır. Daimi hərəkət, idmanla məşğuliyyət belə fəsadların qarşısını alır. Ən faydalı müalicə üzgüçülükdür. Üzgüçülüyün üstün cəhəti odur ki, suda batmamaq üçün bədənin hər iki tərəfi eyni qaydada hərəkətə gətirilir, əzələ sistemindəki balans bərpa olunur. Su insan orqanizminin ağırlığını öz üzərinə götürür, onurğaya heç bir yük düşmür və əzələlər də hər iki tərəfdə eyni rejimdə çalışır. Ağırlıqqaldırma, böyük fiziki gərginlik tələb edən idman növləri isə xəstəliyi daha da kəskinləşdirir”.Baş travmatoloq degenerativ xəstəliklərin bəzi hallarda peşə ilə əlaqədar olduğunu vurğulayıb: “Məsələn, stomatoloqlar, bərbərlər peşə işini gün ərzində eyni vəziyyətdə həyata keçirdiklərinə görə onlarda daha çox boyun osteoxondrozu və ya onurğanın döş hissəsində problemlər yaranır. Alim, mühasib, uzaq yol qət edən sürücülər bel nahiyəsindən şikayətlənir. Kompüterin təsiri isə daha yüksəkdir. Çox vaxt kompüterdə çalışarkən qaməti tənzimləmək yaddan çıxır. Göz yorulur, müvazinət pozulur, bel, boyun, döş fəqərələri əlverişsiz vəziyyətdə qalır. Uzun müddət kompüter arxasında oturanlar bütün onurğanı gücə salır, yükləyir. Xüsusən uşaqlarda hələ formalaşmamış onurğanı belə yükləmək həm gözləri zəiflədir, həm də onurğada deformasiyalar yaranır Verilən tövsiyələr yerinə yetirilsə, sağlam həyat tərzi, düzgün qidalanma ilə bu cür fəsadların qarşısı alınar. Çünki belə hallarda sağlamlıq hər kəsin öz əlindədir”.
Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK