Qadin.NET / Stalinin eşq hekayələri

Stalinin eşq hekayələri

 

Tanınmış siyasətçilərin, dövlət xadimlərinin siyasi fəaliyyətləri ictimaiyyətə nə qədər açıq və geniş təqdim olunubsa, onların şəxsi həyatları haqqında məlumatlar bir o qədər qapalı olub. 

Məşhurlar şəxsi həyatlarının, xüsusilə sevgi macəralarının, bu münasibətlərin baş qəhrəmanları olan məşuqələrinin gizli qalmalarına nə qədər çalışıbsalar da, zaman-zaman bu “fəaliyyətləri” haqqında məlumatlar cəmiyyətin içinə yol tapıb.
Modern.az saytının “Məşhurların məşuqələri” rubrikasında təqdim etdiyi ilk yazı İosif Stalinin qadınlara münasibətindən, rəhbərin sevgi macəralarından bəhs edir.
SSRİ-nin ən çətin və mürəkkəb bir dövründə ölkəyə rəhbərlik edən İosif Stalin hələ gənc yaşlarından qadınlara münasibətində fəallığı nəzərəçarpacaq dərəcədə olub. Dəfələrlə sürgünə göndərilən Stalin hətta Rusiyanın ən ucqar əyalətlərində belə neçə-neçə qadını öz ehtirasının qurbanı etməyi bacarıb. Təbii ki, belə ötəri sevgi oyunlarında toruna düşdüyü xanımlara qarşı heç bir ciddi münasibəti olmayıb. Hətta 1914-cü ildə Turuxanda yaşadığı qadından bir oğlu olmasına baxmayaraq sürgündən qaçandan sonra Stalin onların taleyi ilə maraqlanmayıb. Eyni vəziyyət Solçiveqos əyalətində də təkrar olunub. Orada da Stalin yaşadığı evin sahibəsinə bir oğul bəxş edib. Təbii ki, çox-çox sonralar kimin övladları olduqlarını bilən uşaqlar bu haqda danışmaq istəyəndə Stalinin göstərişi ilə susmaqları “məsləhət” görülüb.
Ölümündən sonra Stalinin “sevgi” dəftərinə yazılmış çoxsaylı qadınlardan bir-ikisi cəsarət taparaq xatirələrində Kobanın çox ehtiraslı bir kişi olduğunu söyləyiblər. Təsadüfi deyil ki, Stalinin həyat yoldaşının müəmmalı ölümündən sonra onun tibbi-qeydiyyat qovluğuna baxış keçirərkən orada 11 dəfə abort olunması haqqında arayışlar olub.
Siyasi fəaliyyətində amansız, zalım və diktator adını qazanmış İosif Stalin qadınlara münasibətdə də zülmkar və hədsiz dərəcədə qısqanc olub. Stalinin məşuqələrindən biri sayılan Valentina İstomina 19 yaşında olarkən general Vlasikin xidmətçisi olub. Gülərüz, xoşrəftar və gözəgəlimli Valentina Stalinin xoşuna gəlib və orta tibb təhsili olan gənc qıza öz yanında xidmətçi işləməyi təklif edib. Bu təklif dərhal qəbul olunub. Sözsüz ki, general Vlasikin də bu təklifə heç bir etirazı olmayıb. Adətən özündən çox-çox cavan olan qadınlara üstünlük verən İosif Stalin Valentina ilə istər xidməti, istərsə də sevgi münasibətlərindən çox məmnun olub. Stalinin təşkil etdiyi məclislərdə Kreml çinovnikləri Valentinanı “acgözlüklə” süzüblər. General Vlasik isə Valentinaya xüsusi münasibət göstərib. Generalın əziyyəti hədər getməyib. Nəhayət Valentina İstomina xidmətçilər evində olanda Vlasik onu dilə tutmağı bacarıb və öz istədiyinə nail olub. Xəyanətdən xəbər tutan Stalin Valentinaya dəhşətli işgəncələr verdikdən sonra onu Maqadana sürgün etdirib. Vlasik isə öz tamahının və ehtirasının qurbanı olaraq həbs edilib. Ömrünün son aylarında Stalin xəstə yatarkən Valentinanın azad edilməsi üçün göstəriş verib və o yenidən SSRİ rəhbərinin ömrünün sonuna qədər ona xidmət edib.
Çoxsaylı qadınlar arasında Stalinin daha ciddi münasibət göstərdiyi və qarşısında sevgi etirafı etdiyi xanım Vera Davıdova olub. Opera müğənnisi olan Bera Davıdova ilə Stalinin tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54, Veranın isə 28 yaşı olub. Müğnninin uğurlu çıxışından sonra Stalin ona böyük gül buketi göndərib. Sevincdən gözləri dolan Vera Davıdova sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm şıxışına görə Vera Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya Böyük Teatrda işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və digər problemləri həll olunub.
Elə həmin il Kremldə yeni il gecəsində çıxış edəcək artistlərin siyahısına Vera Davıdovanın adı da salınır. Konsert proqramından sonra Bera Davıdova Kremldəki banketə də dəvət alır. Ona Stalinlə Voroşilovun arasındakı kürsüdə yer göstəriblər. Banket gecədən xeyli keçmişə qədər davam edib. Vera Davıdova getməyə hazırlaşanda paltosunun cibindən “Manejin yanında gözləyin. Sürücü sizi aparacaq. Kağız parçasını isə atmayın” yazılmış kiçik bir kağız parçası tapıb. Vera əvvəlcə kağıza diqqət yetirməsə də sonra yazılanlara əməl edib. Həmin gecə onu Stalinin bağ evinə aparıblar. Vera Davıdova öz xatirələrində həmin günü belə xatırlayır:
- Çox həyəcan keçirirdim. İçimdə bir qorxu hissi də var idi. Qonaq otağına daxil olanda Stalin zəhmli səsi ilə məni salamladı və stola dəvət etdi. Stol çox təmtəraqla bəzədilmişdi. Qış vaxtı təzə meyvələrdən tutmuş müxtəlif delikateslər, cürbəcür içkilər, bir sözlə, hər şey düzülmüşdü stolun üstünə. Böyük məmnunniyyətlə təamların dadına baxdım, çərab da içdim. Özümü nədənsə bir az sərbəst hiss etməyə başladım. Stol arxasında çox söhbət etmədik. Stalin yalnız onu dedi ki, göstəriş verəcəm sizə şərab, kürü, şirniyyat və təzə meyvə-tərəvəz gətirsinlər. Kiçik fasilədən sonra o üzünü mənə tutdu:
- Vera, sizinlə söhbətim var, keçək o biri otağa.
Biz o biri otağa keçdik. Orada bir divan, bir də yazı stolu var idi. Mən üzümü ona tutub dedim:
- Eşidirəm sizi.
- Mən işığı söndürmək istəyirəm. Çünki qaranlıqda fikirlərimi daha yaxşı ifadə edirəm.
O mənim rəyimi gözləmədən işığı söndürdü. Artıq bir neçə saniyədən sonra mən onun qucağında idim...
Beləliklə Stalinlə Vera Davıdova arasında yeni il gecəsi başlanan eşq macərası düz 19 il davam edib. Stalin dəfələrlə Vera Davıdovanın qarşısında ona ürəkdən bağlı olduğunu etiraf edib. Bu etirafın cavabı olaraq Vera Davıdova da özünü 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan Stalindən əsirgəməyib. Bütün bunlarla yanaşı Vera Davıdova Stalinin sayəsində çox şeylərə nail olub.
Stalinin vəfatından sonra Vera Davıdova milliyətcə gürcü olan həyat yoldaşı ilə birgə Gürcüstana köçüb.SSRİ və Gürcüstanın xalq artisti, üç dəfə Stalin mükafatı laureatı Vera Davıdova 1993-cü ildə vəfat edib.
Mənbə: Milli.Az

 

3 fevral 2014
GO BACK