Bəzən qadınlar yoldaşları və ya sevgililərinin unutqanlıqlarından şikayətlənirlər. Əsasən də əlamətdar günlərdən - ilk tanışlıq, ilk görüş, evlilik günü, doğum günü, 8 Mart, qaynananın ad günü, baldızın ad günü, qaynın toy günü… (Allah sənə rəhmət eləsin, Cənnət xala) - söhbət gedirsə, bu mərəz daha da güclənir. Amma belə məlum olub ki, kişilərin yaddaşı, doğrudan da, qadınlara nisbətən zəifdir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 30 yaşdan yuxarı 37500 adamı tədqiq edən norveçli alimlər belə nəticəyə gəliblər. Onlar bildirirlər ki, bu unutqanlıq kişilərin yaşından asılı olmayaraq hamısında var. İştirakçıların hər biri yaddaşlarına aid 9 sualı cavablandırıb. Təbii ki, yaş artdıqca unutqanlığın səviyyəsi də artıb, amma tədqiqatçıların gözləntilərindən daha az olub. Qadınlara nisbətən bütün yaşda olan kişilər yaddaşlarının korşalmasından şikayət ediblər. İştirakçıların əksəriyyəti adları və tarixləri yada sala bilməyiblər: adları qadınların 86, kişilərin isə 89%-i unudub, tarixləri isə qadınların 65, kişilərin isə 75%-i xatırlaya bilməyib. Belə fərqin nə səbəbə yaranmasını alimlər tapa bilməyiblər. Bəs siz necə düşünürsünüz, kişilər niyə belə unutqandırlar? Qəsdən edirlər, yoxsa?.. Fikirlərinizi bilmək maraqlıdır.
Mənbə: Milli.Az