Buzadırmanma üzrə açıq Azərbaycan çempionatına start verilibFevralın 1-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatına start verilib.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 mərhələdən ibarət çempionatın I mərhələsi (təsnifat-seçim yarışları) 1-2 fevral, II mərhələsi (yarımfinal və final) isə 8-9 fevral 2014-cü il tarixlərində baş tutacaq.
Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların (Bakıdan "Climb-club", "Rock stone", "EXTRALİFE", "Qərb Universiteti idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik", "İqtisad Universiteti idman klubu", Milli Aviasiya Akademiyası, Qusardan "Salavat", "Qusar" və "Zirvə", Qaxdan "Extremal" və s.) idmançıları iştirak edirlər.
Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər. İdmançılar arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir.
İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda, beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır.
Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
Mənbə: Milli.Az