Biri Bakıya çəkilən Şollar suyunda onun heç bir əməyinin olmadığını iddia edir, biri Bakı Qızlar Məktəbinin tikilməsində guya Tağıyevin xeyriyyəçiliyinin yox, qısqanclığının, daha doğrusu, arvadını kişi həkimə göstərmək istəməməsinin rol oynadığını iddia edirdi. Başqaları isə başqa cür “arqumentlər”lə böyük xeyriyyəçi haqqında olan-olmazın “faktlar” düzürdülər, tariximizi yalanlamağa çalışırdılar. Statusu və yazılan rəyləri oxuduqdan sonra əslində xeyriyyəçiliyin niyə inkişaf etmədiyinin, insanların niyə bu xoş əmələ çox da meyl göstərmədiyinin səbəbini özüm üçün aydınlaşdırmağa çaışdım. Oxucular üçün isə məsələnin başqa tərəflərini təqdim etməyə çalışdıq.
Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanunun qəbuluna çoxdan ehtiyac yaranıb. Bu təkliflə artıq neçə illərdir istər ekspertlər, istər millət vəkilləri dəfələrlə çıxış edirlər. Hətta “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsi də hazırlanaraq parlamentə təqdim edilib. Mütəxəssislər düşünürlər ki, sahibkarları xeyriyyəçiliyə cəlb etmək üçün onların fəaliyyəti stimullaşdırılmalıdır.
Qeyd edək ki, bu məsələ ölkə rəhbərliyinin də diqqətindədir. Prezident İlham Əliyev çıxışlarının birində imkanlı iş adamlarını kasıblara əl tutmağa çağırıb. Ölkə başçısı bildirib ki, indi sahibkarlar xeyriyyə tədbirlərində iştirak etmək imkanındadırlar: “Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar var. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı”.
Vaxtilə Azərbaycanın xeyriyyəçiləri dünyaya səs salıb, mesenatlarımızın tikdirdiyi binalar, mədəniyyət ocaqları, məscidlər hələ də qalır, istifadə edilir. Keçmişdə missionerlər tarixdə nümunə olacaq xeyriyyə tədbirləri reallaşdırıblar. Lakin təəssüflə qeyd etməliyik ki, artıq uzun müddətdir Azərbaycanda xeyriyyəçiliklə məşğul olan imkanlı adamların sayı azalıb.
Bir müddət əvvəl Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva xeyriyyəçiliyin inkişafına dair milli konsepsiyanın hazırlanmasını təklif edib. Azərbaycanın birinci xanımı bildirib ki, xeyriyyəçilik fəaliyyəti haqqında müfəssəl normativ-hüquqi bazanın hazırlanmasına ehtiyac var: “Bunun üçün Azərbaycanda xeyriyyəçiliyin inkişafına dair milli konsepsiya hazırlanmalıdır. Sənəddə cəmiyyətin hər üç sektorunun - dövlət, biznes və qeyri-kommersiya sektorlarının daxil olduğu sosial siyasətin aləti kimi xeyriyyəçilik sisteminin yaradılmasının əsas istiqamətləri əksini tapmalıdır”.
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev sahibkarları, imkanlı adamları xeyriyyəçiliklə məşğul olmağa çağırıb: “Azərbaycanda sahibkarlıq inkişaf edir və bizneslə məşğul olan sahibkarlarımız gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Belə sahibkarların işləri daim təbliğ olunmalı və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilməlidir. Məsələn, sahibkarlar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kasıb tələbələri maliyyələşdirə, ölkədən kənarda müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər. Hətta şəhid ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeyriyyəçiliyin qədim tarixi var və hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarda biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərində məscid tikdirir, ya da bir məktəbi təmir etdirirlər. Bu işlər barmaqla sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeyriyyəçiliyə cəlb etmək lazımdır”.
Milli Məclisin deputatı Azay Quliyev də hesab edir ki, xeyriyyəçiliklə məşğul olan şəxslərin və təşkilatların maraqları qanunvericiliklə qorunmalıdır. Onun sözlərinə görə, Azərbaycanda xeyriyyəçiliyin çox böyük ənənəsi var və sovet dönəmində bu ənənə demək olar ki, ləğv olunaraq tamam başqa bir forma alıb: “Bu gün Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun yoxdur. Bu qanunun olmaması ilk növbədə xeyriyyəçilik fəaliyyəti və anlayışı, onun məzmunu, formaları ilə bağlı qaranlıq məqamların yaranmasına səbəb olur. Bir çoxları elə bilir ki, məsələn, Zeynalabdın Tağıyev adına bir təşkilat yaradıb xeyriyyəçiliklə məşğul olmaq olar. Halbuki xeyriyyəçiliklə məşğul olan şəxsin, təşkilatın özünün kifayət qədər maddi imkanı olmalıdır. Onlar gedib xeyriyyəçilik adı altında kimdənsə pul yığıb kiməsə verməməlidirlər. Təəssüflər olsun ki, bu gün praktikada belə hallar var. Bu, bütövlükdə xeyriyyəçiliyin fəlsəfəsinə zərər gətirir”.
A.Quliyevin sözlərinə görə, xeyriyyəçiliklə məşğul olan şəxslərin və təşkilatların maraqları qanunvericiliklə qorunmalıdır. Millət vəkili qeyd edir ki, bu gün xeyriyyəçilik və donorçuluğun stimullaşdırılmasına ehtiyac var: “Dünyada yayılmış təcrübədə də xeyriyyəçilik ölkənin inkişafına, ayrı-ayrı ziyalıların, təhsilli insanların yetişməsinə, onların vətəndaş kimi formalaşmasına, o cümlədən müxtəlif sahələrdə problemlərin həllinə yönəlir”.
Mənbə: Milli.Az