Qadin.NET / Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu

Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu

 

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə keçirilən həndbol üzrə yeniyetmə oğlanlar arasında açıq birinciliyə yekun vurulub. Yarışın son günündə final və üçüncü yer uğrunda görüşlər baş tutub.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 2 fevral Gənclər Günü münasibətilə reallaşan birincilik 2 nömrəli tam orta məktəbin idman zalında düzənlənib. Yarışda 4 komanda - TİM-in və 1 saylı Uşaq Gənclər İdman Məktəbinin 2 kollektivi mükafatlar uğrunda mübarizə aparıb. Silsilə xarakterli birincilikdə1997-98-ci il təvəllüdlü həndbolçular qüvvəsini sınayıb. Yarışın oyunları Beynəlxalq Həndbol Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilib. 
TRİM-in Gəncə filialının direktoru Xəyal Hacıyev: "Təqvim planımıza əsasən, silsilə yarışlarımız davam edir. Bu gün 2 fevral Gənclər Gününə həsr etdiyimiz yarışın finalıydı. Birinciliyi keçirməkdə əsas məqsədimiz perspektivli idmançıları tapıb ortaya çıxarmaq və yığma komandaya qazandırmaqdır".
Son yarış günündə ilk olaraq 3-cü yerin sahibinin adına aydınlıq gəlib. Burada daha yaxşı təsir bağışlayan 1 saylı UGİM-in ikinci komandası TİM 2-ni məğlub edərək 3-cü olub. Final qarşılaşması isə gərginliyiylə diqqət çəkib. Həlledici görüşdə TİM 1 1 saylı UGİM-in əsas komandasıyla üz-üzə gəlib. Hər iki kollektivin həndbolçuları bu oyunda başa-baş mübarizə aparıblar. Ancaq görüşün sonunda daha inamlı oyun sərgiləyən birincilər 9:8 hesabıyla qələbə qazanaraq baş mükafata yiyələniblər.Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində çıxış edən TRİM-in Gəncə filialının direktoru Xəyal Hacıyev həndbolun Gəncədə ənənəsi olan idman növlərindən biri olduğunu bildirib. Sonda isə ilk 3-lüyə düşən komandalar təşkilatçılar tərəfindən fəxri fərmanla təltif olunub. 

Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK