AMD şirkəti server həlləri üçün 64 bitlik çiplər təqdim etməklə ARM prosessor istehsalçıları sırasına qoşulub. Bu barədə şirkətin məlumatında deyilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda AMD Opteron A seriyasına daxil olan və 28 nanometrlik texnoloji proses üzrə istehsal olunan sınaq çipi nümayiş etdirib. Open Compute Project standartını dəstəkləyən və server həllərində eyni anda x86 və ARM prosessorlarından istifadəyə imkan verən çip dörd və ya səkkiznüvəli ARM Cortex-A57 prosessoru ilə iki variantda buraxılacaq. Bundan başqa, AMD tərtibatçılar üçün sınaq sistem lövhəsi və proqram paketinin daxil olduğu platforma da buraxıb.Şirkətin məlumatında deyilir ki, ARM çipləri az enerji sərf etməklə serverlərin yüksək məhsuldarlığını təmin etməyə imkan verəcək ki, bu da onlardan məlumat emalı mərkəzlərinin yaradılması üçün istifadəyə şərait yaradacaq.2013-cü ilin yekunları üzrə AMD-nin xalis itkiləri 83 milyon dollar təşkil edib, halbuki ötən ilin sonunda şirkətin maliyyə göstəriciləri düzəlməyə başlayıb. 2013-cü ilin dördüncü rübündə AMD bazara fərdi kompüterlər üçün yeni çiplərin çıxarılması fonunda 45 milyon dollar məbləğində xalis gəlir əldə edib.
Mənbə: Milli.Az