Qadin.NET / Təklif: xaricdə vuruşan azərbaycanlılar cəzalandırılsınlar

Təklif: xaricdə vuruşan azərbaycanlılar cəzalandırılsınlar

 

Dini icmaların cəmiyyət qarşısında hesabatlılığının təmin edilməsi üçün qanunvericilikdə mütləq dəqiqləşdirmə aparılmalıdır.

Bundan əlavə, Milli Məclis Azərbaycan vətəndaşlarının dövlətin müvafiq icazəsi olmadan xarici ölkələrdəki silahlı münaqişələrdə iştirakının qadağan edilməsi, qanunsuz olaraq bu döyüşlərdə iştirak edənlərin, eləcə də bu işdə vasitəçilik edənlərin ciddi cəzalandırılmasını müəyyən edən qanun qəbul etməlidir. 
Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı müsəlman ölkələrində radikal dini qruplaşmalar geniş miqyasda özlərinə dayaq qazanmağa çalışırlar. Azərbaycanda da müxtəlif dairələr ölkədə dini etiqad azadlığının geniş miqyasda bərqərar olmasından öz planları üçün istifadə etmək istəyirlər. Sanki bu qüvvələr qlobal ərazilərdə hansısa planlarını reallaşdırmağa çalışırlar:
"Bu, sirr deyil ki, İslam etiqadında olan ayrı-ayrı təmayüllər Azərbaycanda da müəyyən mərhələdən sonra kəskin tələblərə və hərəkətlərə keçə bilərdilər. Onları kimsə silahla təmin etsəydi, artıq bu gerçək təhlükəyə çevrilmiş olacaqdı. Bu mənada sələfilər, vəhabilər, xəvariclər, təkfirçilər və digər radikal dini qruplaşmalar müəyyən səviyyədə ümumi təhlükəsizliyimizə xələl gətirirlər. Biz ilk növbədə nəzərə almalıyıq ki, Suriyaya gedən azərbaycanlılar bu qrupların əlində illərlə zombiləşən, həddindən artıq dini-ideoloji təbliğatın altında özünün real düşüncə sistemindən çıxan, istənilən ərazilərdə döyüşməyə hazır olan və az qala dünya legionerinə çevrilmiş insanlardır. Belə demək mümkünsə, onlar yemdirlər. Onların üzərində siyasi, həmçinin maddi qazanc əldə edən dairələr var. Çünki insanları Suriyada savaşa aparanlar elə-belə hərəkət edən şəxslər deyillər. Bundan əlavə, "Hizbullah" tərəfdən döyüşən azərbaycanlılar üçün bölgədə hansı dövlətin keçid ünvan olduğu, onun himayəçisinin kimliyi, Suriyada Bəşər Əsəd rejiminin qorunması üçün kimlərin beynəlxalq himayədarlıq etdiyi də Azərbaycanda heç kimə sirr deyil".
Z.Orucun fikrincə, Azərbaycanda dini icmaların cəmiyyət qarşısında hesabat vermələri ilə bağlı da bəzi dəqiqləşdirmələrə ehtiyac var: "Biz, ilk növbədə, nəzərə almalıyıq ki, ayrı-ayrı təmayüllü həmin dini qruplar harada hesabat verməlidirlər? Ümumiyyətlə, onların fəaliyyətinin cəmiyyət qarşısında hesabatlılığı necədir? Bu, Dini İşlər üzrə Dövlət Komitəsində, yoxsa başqa bir təsisatda olmalıdır? Hesab edirəm ki, bununla bağlı müddəalar qanunvericilikdə mütləq dəqiqləşdirilməlidir, onun çərçivəsi yaradılmalıdır".
Millət vəkili hesab edir ki, Suriyada döyüşən azərbaycanlılar ölkəyə dönərlərsə, onlar birmənalı olaraq cinayət məsuliyyətinə cəlb edilməlidir: "Onlar bilməlidirlər ki, qanunu pozublar. Bu gün Suriyada, sabah başqa bir ərəb ölkəsində, birigün üçüncü dövlətlərdəki döyüşlərdə iştirakçılıq fərarilik, düşmən tərəfə keçmək qədər sərt şəkildə cəzalandırılmalıdır. Əgər biz bunu etməsək, sonra vəziyyət daha acınacaqlı olacaq. Etiraf edək ki, son 20 ildə ilk dəfədir ki, ortaya belə bir problem çıxır. Bu halda biz ən azı bundan sonra ora getmək istəyənlərin qarşısını almaq üçün təsirli mexanizm tapmalıyıq. Valideyn polis orqanlarına müraciət edir, hüquq mühafizə orqanları konkret addım üçün hüquqi müddəalara əsaslana bilmirlər. Bunu parlament olaraq biz yaratmalıyıq. Yəni belə döyüşçülər hansı mərama xidmət etməsindən asılı olmayaraq, Azərbaycana qayıdırlarsa, bilməlidirlər ki, dövlət və qanun qarşısında cavab verəcəklər. Mən bu məsələni parlamentin yaz sessiyasında təklif kimi mütləq irəli sürəcəyəm".
Onun fikrincə, Suriyada döyüşlərə getmiş həmin adamlarla yanaşı, bu istiqamətdə təbliğat və təşviqat işləri aparan şəxslər, vasitəçilər də Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşımalıdırlar: "Həmin şəxslər ümumən qanundakı boşluqdan özlərinə geniş şəkildə immunitet düzəldiblər. Faktiki olaraq, dünyanın hansı tərəfindən olsaydı, bu adamlar birbaşa terror tərəfinin iştirakçısı hesab edilərdilər. Bizdə isə gerçəklik budur ki, biz hər hansı müddəalarla onlara konkret təsir edə bilmirik. Ona görə də bu cinayətkar əməlin bütün tərəflərinə qarşı təqib əməliyyatlarının keçirilməsi üçün parlament səviyyəsində, qanunvericilik qaydasında addım atılmalıdır. Bizdə qanunsuz silahlı birləşmələrdə iştirakla bağlı məsuliyyəti müəyyən edən müddəalar olsa da, bu yalnız Azərbaycanın daxili üçün nəzərdə tutulub, xarici ölkələrə isə bunun heç bir aidiyyəti yoxdur. Bu hal indiyədək bizim qanunvericiliyimizdə olmayıb. Özü də qanun təkcə Suriya üçün verilməməlidir. Qanun təkrarlanan ictimai münasibətləri tənzimləyir. Burada da artıq təkrarlanma faktı var. Bu halda qanunvericilik səviyyəsində müdaxiləyə tam zəmin yaranıb".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iki gün öncə verdiyi fətvada bildirilir ki, dindarlarımız dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələalma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar.
Qazılar Şurasında çıxış edənlər bəzi radikal dini qrupların hətta Azərbaycanda təxribat törətməyə çalışdıqlarını bildiriblər. QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadə isə bildirib: "Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar".
Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək ölüblər.
Mənbə: Milli.Az

 

30 yanvar 2014
GO BACK