Qadin.NET / Ali məktəblərə qəbul olanların çoxu ödənişlidədir

Ali məktəblərə qəbul olanların çoxu ödənişlidədir

 

2013-cü ildə Azərbaycanda ali təhsil müəssisələrinə daxil olanların 67,79%-i ödənişli təhsil forması üzrə qəbul olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Tren-ə verilən məlumata görə, bu göstərici Azərbaycan bölməsində 67,11%, rus bölməsində isə 73,39% olub.Dövlət sifarişi əsasında aparılan tələbə qəbulundan fərqli olaraq, ödənişli təhsil forması üzrə tələbə qəbulu İnformasiya Texnologiyaları Universitetindən başqa bütün ali təhsil müəssisələrində həyata keçirilib. Aparılmış təhlil göstərib ki, ümumilikdə ödənişli təhsil forması üzrə qəbul olanların sayı dövlət sifarişi əsasında qəbul olanların sayından 2,10 dəfə çox olub.

Qəbul olanların tərkib hissələri arasında olan bu qeyri-tarazlıq bütün ali təhsil müəssisələrində eyni forma və nisbətdə olmayıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm İnstitutu və Milli Aviasiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə tələbə qəbulu üstünlük təşkil edib.
Azərbaycan Diplomatik Akademiyası, Bakı İslam Universiteti, Naxçıvan Özəl Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası dövlət sifarişi əsasında tələbə qəbulundan imtina edib.
Dövlət ali təhsil müəssisələri içərisində ödənişli təhsil forması üzrə ən böyük qəbul Sumqayıt Dövlət Universiteti (97.02%), Azərbaycan Texnologiya Universiteti (96.84%), Lənkəran Dövlət Universiteti (92.27%), Azərbaycan Müəllimlər İnstitutu (91.55%) və Mingəçevir Politexnik İnstitutuna (91.39) olub.
Mənbə: Milli.Az

30 yanvar 2014
GO BACK