Onun sözlərinə görə, yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçirəcək.
Bölmə rəisi gözlənilən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq bildiririk ki, sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər.
Sürücülərə əyləc sistemindən mümkün qədər istifadə etməmələri, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur. Sürücülərdən xahiş edirik ki, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, yuxarı sürət həddini seçməsinlər, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bununla yanaşı, piyadalar da səkilərlə, onlar üçün nəzərdə tutulmuş keçidlərlə hərəkət etməli, valideynlər uşaqların yollarda qarla oynamasına imkan verməməlidirlər".
V.Əsədov bir daha sürücü və piyadaları "Yol hərəkəti haqqında" Qanunun tələblərinə ciddi əməl etməyə çağırıb. Onun sözlərinə görə, əks təqdirdə onlar kimliyindən asılı olmayaraq yol polisi tərəfindən məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Mənbə: Milli.Az