Milli.Az xəbər verir ki, Cenevrədə minik avtomobilinin ekspress yuyulması 12 İsveçrə frankına (9,60 manat) başa gəlir. Dəmir atını əl ilə yuduzdurmaq istəyənlər isə daha çox xərcə düşürlər. Bunun üçün 30-50 frank (təxminən 24-40 manat arası) ödəyirlər. Maraqlısı odur ki, bu xərclər yalnız maşının çöldən yuyulması üçündür. Salon da daxil edilməklə maşını yumaq istəyənlər isə azərbaycanlı təqaüdçunün təxminən bir aylıq təqaüdü məbləğində pul ödəyir 100-120 frank (təxminən 81-95 manat arası).
Avropa ölkələrində özünə xidmət yuyucuları da var ki, həmin obyektlərdəki hər fəaliyyətə görə ayrıca pul ödənilir. Misal üçün, İtaliyada maşını həmin yuyuculara gətirən sürücü suyun açılması üçün 1 avro (1,07 manat), şampun verilməsi üçün daha bir avro, şampunu yumaq üçün isə üçüncu avronu ödəməlidir. Ölkəmizdə adətən gördüyümüz ənənəvi yuyucularn qiyməti isə orada 15 avrodur (təxminən 16 manat)
Berlindəki yuyucuların qiyməti 7-15 avro (təxminən 7,5-16 manat) arasıdır. SUV tipli avtomobillərə görə əlavə 2 avro ödəniş edilir. Bu da yalnız avtomobilin çöldən yuyulmasına aiddir.
Vaşinqtonda qiymətlər orta hesabla 17-18 dollar (təxminən 13-14 manat) təşkil edir. Sidneydəki qiymətlər isə bir qədər ucuzdur. Orada çirkli maşını ekspress yuyucuya salmaq istəyənlər 12 və ya 20 Avstraliya dollarından (təxminən 8-14 manat arası) keçməli olurlar.
Ən ucuz qiymətlər isə Pekindədir. Burada yuma tipindən asılı olaraq qiymətlər 20-60 yuan (təxminən 2,2 və 7,5 manat) arası dəyişir. Dünyanın ən bahalı yuyucuları isə Böyük Britaniyadadır. Bu ölkədəki bahalı yuyucularda bir avtomobilin təmizlənməsi üçün, təsəvvür etmək nə qədər çətin olsa da, 250 saat vaxt sərf olunur. Yüzlərlə yuyucu vasitələrdən istifadə edilir. Həmin qiymətlər isə xidmət növündən asılı olaraq 8200 avrodan başlayaraq 11 min avroya qədər dəyişir.
Mənbə: Milli.Az