Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, Bakı şəhəri ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə edilərək müşahidələr və təhlillər aparılıb. Məlum olub ki, günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli avtomobillərin hərəkət etməsi yollarda sıxlığın yaranmasına, bəzən də uzunmüddətli tıxacların baş verməsinə səbəb olur:
"Bu məqsədlə fiziki, hüquqi və vəzifəli şəxslərin nəzərə çatdırılır ki, paytaxtın inzibati ərazisində bu tipli avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulub. Yol infrastrukturunun inkişafı sahəsində tədbirlər planının tələbinə uyğun olaraq, bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar üzrə tənzimlənir. Ona görə də Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam saat 21:00-dək qeyd edilən avtomobillərin paytaxtın inzibati ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ona görə də xahiş edilir ki, gün ərzində paytaxt ərazisində sıxlığın yaranmaması, yol qəza hadisələrinin baş verməməsi naminə belə avtomobillərdən yalnız günün göstərilən vaxtında istifadə edilsin. Əks halda yol polisi tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək. Belə avtomobilləri olan fiziki, hüquqi və vəzifəli şəxslərdən xahiş edilir ki, bu qadağanı nəzərə alaraq işlərini əvvəlcədən planlaşdırsınlar".
Bölmə rəisinin sözlərinə görə, artıq yol polisləri tərəfindən bu tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə götürülüb: "Bunlar 20 Yanvar dairəsi, 3-cü Kənar dairəvi yol, Bakı-Ələt yolu, Ziya Bünyadov, Mətbuat, Tbilisi, Babək, Nobel prospektləri, Xırdalan-Biləcəri yolu, Mikayıl Əliyev küçəsi, eləcə də digər küçə və prospektlərdir. Qeyd edilən yollarda yol polisi tərəfindən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".
V.Əsədov qeyd edib ki, bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.
Mənbə: Milli.Az