Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabineti orta məktəb məzunlarına attestatların verilməsi ilə bağlı qaydalara dəyişikliklər edib: "Ötən il qaydalar dəyişdirilən zaman onun tətbiqi müddətinin bir il olması nəzərdə tutulmamışdı. 2013-cü ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə attestaların verilməsi qaydlarında dəyişikliklər edildikdən sonra məzunların 99,3 faizi attestat alıb. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək".
Qeyd edək ki, Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar, həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.
11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
Nazir müavini Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən saxta diplomların verilməsi ilə bağlı aparılan araşdırmalara da münasibət bildirib və deyib ki, əgər hər hansısa ali məktəbdə bu cür neqativ hallar aşkarlanarsa, onlara qarşı da sərt addımlar atılacaq.
Onun sözlərinə görə, hazırda bu məsələ Baş Prokurorluq tərəfindn araşdırılır: "Hazırda istintaq işləri həyata keçirilir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bu məsələ ilə bağlı geniş məlumat verəcək".
C.Bayramov bildirib ki, mütamadi olaraq, ali məktəblərdə yoxlamalar həyata keçirilir: "Ancaq hazırda Təhsil Nazirliyi tərəfindən xüsusi olaraq hər hansısa bir yoxlamalar aparılmır. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən, diplomlarla bağlı vəziyyət də araşdırılır".
Mənbə: Milli.Az