Qadin.NET / Nə gözəl yaraşır insana gülmək...

Nə gözəl yaraşır insana gülmək...

 

Gülmək həyatın hər anında pozitiv enerji verir. Gündəlik həyata, əhval-ruhiyyəyə təsir edən gülüş günün hansı istiqamətdə irəliləyəcəyini də müəyyən edə bilir. Bu gün gündəlik qayğılardan, sosial problemlərdən, işdən yorulan insanların unutduğu ən mühüm vərdiş elə gülüşdür.

Gülüş şərait yaradır ki, ətrafda olan insanlar da xoş enerji ilə yüklənsin, qarşıdakı insanın üzündə də xoş bir ifadə yaransın. Təəssüf olsun ki, bu gün hər dərdin dərmanı olan gülüşü belə insanların üzündə görmək mümkün deyil. Əsəbi və aqressiv baxışlar, sərt üz xətlərini görən insanlar da istər-istəməz eyni auraya düşüb kədərli və qəzəbli görünürlər. Gün keçdikcə insanlar gülüşü unudurlar.
Gözəl gülüş insanda özünə inam hissini artırır. Ətrafdakı insanlar tərəfindən daha xoş və mülayim insan kimi qəbul olunmasına səbəb olur. Gözəl əhval yaratdığı üçün ətrafdakı insanlar tərəfindən müsbət qiymətləndirilir. Gözəl gülüş bir növ insanın təqdimat vəsiqəsi rolunu oynayır. Mütəxəssislər bildirir ki, gülüş ürəkdə qanın hərəkətini gücləndirmə gücünə malikdir. Gülüşün köməyi ilə qan damarları genişlənir və qan daha yaxşı dövr edir. Gülmək ürək tutması keçirən insanlara da kömək edir. Həkimlər hesab edirlər ki, yaxşı əhval-ruhiyyə ikinci ürək tutması ehtimalını azaldır.
26 yaşlı Tamerlan Əliyev gün ərzində nadir hallarda güldüyünü deyir. Onun fikrincə, gülmək kişi üçün nöqsandır. Odur ki, yerində və zamanında gülümsəmək daha yaxşıdır: "Evdə, ailə arasında gülürəm, komediyalara baxanda, dostlarla yığılanda söhbət əsnasında gülümsəyirəm. Salamlaşarkən gülmək, tanış adama rastlayarkən gülmək, lətifə danışıb gülmək isə uşaqlıq yaşını keçmiş insanlara yaraşmır, məncə".
61 yaşlı Bakı sakini Muradxan Qurbanov isə əksinə düşünür. Onun fikrincə, indiki gənclərin gülməyərək ciddi duruş və davranışları daxilən deyil, özlərini göstərmək üçündür: "Uşaqlıqdan oğlan uşaqlarına öyrədirlər ki, kişi ağlamaz. Niyə ağlamır? Kişi insan deyil? İndi də deyirlər cavan oğlan gülməz, ağır olar. Qızlar gülməz, ayıbdır. Biz özümüz özümüzü qəlibə salırıq, məcbur edirik ki, yaşlanaq, tez qocalaq. Ağlamaq da insan üçündü, gülmək də insan. Hər şey yerində və miqdarında gözəl olduqdan sonra qalan hamısı insanı yormaqdan başqa bir şey deyil. İstədiyin kimi yaşamaq, hisslərini göstərmək lazımdır".
Gülüş nikbinlik əlamətidir. Tibbi sübut olunub ki, gülmək insan orqanizminə müsbət təsir edir. Beta endorfinin miqdarını artırır. Bu hormon isə stress və kədərlə mübarizə aparmağa kömək edir. Gülüş ağrını azaldır. Təbəssüm ağrı hormonlarının işinin passivləşməsinə yol açır. Gülüş eyni zamanda cavanlaşdırır. Gülən insanın ancaq üzündə 17-yə yaxın əzələ hərəkət edir. Yəni nə qədər çox gülsək, bir o qədər az qırış sahibi olmuş oluruq.
Psixoloq Emil Behrudinin sözlərinə görə, gülüş yeganə və ən gözəl terapiyadır ki, insan məhz gülüş sayəsində əhvalını tamamilə dəyişə, bir andaca pozitiv əhvala köklənə bilər. İnsan ilk növbədə öz üzərində işləməli, özünə gülüşü aşılamalı, ətrafındakı insanlara mülayim gülüşü bəxş etməyi öyrənməlidir. Belə olan halda özü də müsbət hisslər keçirəcək: 
"Yuxudan oyanan kimi, yarıyuxulu, bütün günün işlərinin ağırlığı və bu kimi problemləri düşünmək istər-istəməz insanın özünü daha ağır və yorğun hiss etməsinə səbəb olur. Səhər sizin bu üzünüzü görən insanlar da bundan təsirlənmiş olur. Əhval yoluxucu xəstəlik kimi bir şeydir. Xoş əhval bir insandan digərlərinə sürətlə yayılır. Pis əhval da bunun kimi bir şeydir. Özünü inandıra bilənlər başqalarını da inandırırlar. Bunu nəzərə alaraq insan ilk növbədə özünü hər şeyin gözəl olacağına inandıraraq gülümsəməlidir. Qaraqabaqlıqla sərtliklə heç də uzağa getmək olmaz. Çoxları düşünür ki, xüsusən qızlar üçün ağır olmaq daha yaxşıdır. Bəli, şit olmaqdansa ağır olmalısan, amma bu "ağır olmaq" fikrinə uyub mehribançılığı, səmimi, təmiz bir gülüşü qurban vermək heç düzgün deyil. Həzrət Əlinin bir kəlamı var: "Gülümsəmək və mehribanlıq məhəbbətin torudur". Bu toru qurmaq üçün isə sadəcə gülümsəmək kifayətdir. Kiçik bir gülümsəmə sahibini çox problemlərin məngənəsindən, sıxıntısından qurtarmış olur".
Qadınlar belə düşünür ki, gülüş onların üzündə bərpası mümkün olmayan qırışlar yaradacaq. Bu, tamamilə yanlış düşüncədir. Gülüş insan dərisini hərəkət etdirərək, daha gözəl və cavan olmasına gətirib çıxarır. Gülüş beyində limbik sistemin aktivləşməsinə səbəb olur. Yaradıcılıq qabiliyyətini, insanın həyata olan marağını və istəyini artırır. Eyni zamanda, virus və şişlərlə mübarizə aparan hüceyrələrin sayını artırır, əzələlərdə boşalma yaratdığı üçün insanı rahatlaşdırır, beyni sakitləşdirir, qan təzyiqini tarazlaşdırır, cinsi həyata müsbət təsir göstərir, bir çox xəstəliklərdən, eləcə də şəkər xəstəliyindən qoruyur. Gülmək həm də həzmə yardımçı olur. Bir sözlə, gülüş iynə-dərmansız ən təbii müalicədir. İstər özünü, istərsə də ətrafdakı insanları bu xoş duyğudan məhrum etmək isə həyatı çətinləşdirir, sıxıntını bollaşdırır və yaşamı dözülməz edir. 

Mənbə: Ekspress.Az

28 yanvar 2014
GO BACK