Bəzi dövrlərdə qadının hərbi peşəkarlığına gərək duyulsa da, müəyyən dönəmlərdə zərif cinsin əsgərlik etməsi qadağan olunub. Amma müasir dövrümüzdə qadın hərbçilərin sayı kifayət qədərdir.
İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın hərbçilərdən ibarətdir. Hazırda qadınların hərbi xidmətinə rəsmi icazə verən ölkələrin sırasında Yeni Zelandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrə yer alır.
İngiltərədə qadınlar hərbi xidmətə daha çox topçu kimi hazırlanır. ABŞ-da hərbi xidmətə gedən qadınlar isə döyüş pilotu olaraq yetişdirilir. Amma əksər dövlətlər qadının hərbi xidmət göstərmək məcburiyyətinin olmadığı qənaətindədir.
Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşında hərbi xidmətə çağırılırlar. Kişilərin 3 il hərbi xidmət etdiyi İsraildə qadınlar 2 illik məcburi hərbi xidmətdə olurlar. İsrail ordusunda qadınlar qarşıdurmalara qatılmamaq şərti ilə döyüş bölgələrində vəzifələrini yerinə yetirirlər. Qadınlar kişilərlə eyni qərargahda təhsil alır, eyni şərtlərdə yaşayır, eyni hərbi öhdəlikləri yerinə yetirirlər. Sərhəd bölgələrində xidmət edənlər istisna olmaqla, bir çox qadın hərbçilər, öz vəzifələrinə görə axşamlar, ya da həftəsonlarında silahları ilə birlikdə evlərinə gedə bilərlər.
Maraqlıdır, əgər Azərbaycanda da müharibə başlayarsa və qadınlar üçün də könüllü şəkildə hərbi xidmət elan edilərsə, ölkəmizin xanım vətəndaşlarından Milli Orduya qatılanlar ola bilərmi?
Bu suala cavab tapmaq üçün Azərbaycan paytaxtında yaşayan gənc xanımlar arasında kiçik bir sorğu keçirdik. Cavablar müxtəlif oldu. Kimisi əsgərlik həyatının xanımlar üçün olmadığını, kimisi isə “sevə-sevə hərbi xidmətə gedərdim” dedi.
Bakı sakini Aynur Mehdiyeva bildirdi ki, əgər vətən uğrunda canından keçmək lazım olarsa, əsgərliyə elə bu gün də getməyə hazırdır: “Mənim ailə üzvlərimdən Daşaltı əməliyyatında iştirak edənlər olub. Lazım gələrsə, mən də gedərəm. Əgər, mənim doğmalarım gedirsə, mən niyə getməyim? Sevə-sevə gedərəm”.
Digər paytaxt sakini Ülviyyə xanım isə əsgərliyin xanımlara uyğun olmadığını dedi: “Məni çağırsalar, getmərəm. Düşünürəm ki, hərbi xidmət xanımlara görə deyil. Məcbur qalsam, döyüşmək üçün yox, orada yemək bişirmək və ya hansısa əsgərin yarasını sarımaq üçün gedərəm”.
Leyla Əhmədova da əsgərliyə getmək istəmədiyini dedi: “Mən əsgərliyə getmərəm. Çünki əsgərliyə yalnız kişilər gedə bilər. Kişilər xanımlara nisbətən daha cəld və dözümlüdürlər. Həm də orada xanımın əsir düşmək ehtimalı da var. Bu isə çox pis olardı”.
Jalə Muxtarova isə əsgərliyə getmək istəyən xanımların sırasındadır: “Əsgərliyə çağırsalar, mən gedərəm. Burada nə var ki..? Hətta istərdim ki, indidən elə bir qanun çıxarsınlar ki, bütün xanımlar bir qayda olaraq, əsgərliyə getsinlər. Əsgərlik həyatı mənim üçün maraqlı olardı”.
Arzu Xəlilova da hərbi xidmətə çağırılarsa, əsgərliyə gedəcəyini bildirdi: “Məni çağırsalar, gedərəm. Bu, bizim borcumuzdur. Vətən uğrunda döyüşmək mənim üçün şərəf olardı”.
Digər paytaxt sakini Şəbnəm Nurəliyeva isə əsgərliyə getmək istəmədiyini bildirdi: “Əsgərliyə çağırsalar, getmərəm. Çünki səngər, döyüş qadına görə bir iş deyil. Belə ola bilər ki, ancaq xanımlardan həkim, tibb bacısı olanlar məcburi aparılsınlar. Çünki orada onlara ehtiyac duyula bilər”.
Samirə Heydərova isə ehtiyac duyularsa, əsgərliyə gedəcəyini dedi: “Əgər müharibə başlayarsa və xanımların da döyüşlərə qatılması vacib olarsa, gedərəm. Amma belə sakitçilik vaxtı desələr ki, əsgərə get, getmərəm”.
Ləman Camalova da əsgər getmək istəmədiyini dedi: “Məncə, əsgərlikdə qadınların olmasına gərək yoxdur. Qadınlarla kişilərin eyni şəraitdə, eyni şərtlər altında hərbi xidmət keçməsi doğru deyil. Qadınlar üçün ayrıca hərbi hissə yaradılsa, bəlkə də bu haqda düşünmək olar”.
Digər paytaxt sakini Ofeliya Məmmədova vətən uğrunda canından keçməyə hazır olduğunu dedi: “Mənim atam şəhid olub. Mən də atam kimi vətən uğrunda ölməyə, atamın yolunu getməyə hazıram. Mənim atam bu vətən uğrunda canından keçdi. Düzdür, şəhidə, şəhid ailəsinə hörmət qoymurlar. Mən kiməsə xoş gəlsin deyə yox, yalnız vətən üçün gedərəm”.
Maraqlıdır, bəs bizim xanım oxucularımız necə, əsgər gedərlərmi? Bəylərin buna münasibəti necədir?
Mənbə: Milli.Az